Bədxərc Zamirə Bakıya gətirilə və ərinin taleyini yaşaya bilər - Təfərrüat

Bədxərc Zamirə Bakıya gətirilə və ərinin taleyini yaşaya bilər
Britaniyanın “Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb.

Cahan.info xəbər verir ki,
görüntülərə əsasən öz bədxərcliyi ilə son həftələrdə dünyada məşhurlaşan xanım Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanır.

London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub.

Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan “Gulfstream” təyyarəsi daxildir.

Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

İndi nəzərlər ona yönəlib ki, Zamirə Hacıyeva Azərbaycana ekstradisiya olunaraq əri kimi həbsxanaya göndərilə bilər.

Hələlik bu istiqamətdə hansısa istintaq hərəkətlənməsi və yaxud Azərbaycan tərəfdən İnterpola müraciət yoxdur. Lakin bəzi mənbələr iddia edirlər ki, onun Bakıya gətirilməsindən daha çox mənimsədiyi pullardan qalanını geri verməsi tələb olunur.

İngiltərə vətəndaşı olmadığına görə Zamirənin Azərbaycana verilməsi və burada mühakimə olunması mümkün görünür. Sadəcə, hakimiyyətlə Zamirə arasında anlaşma əldə oluna bilər.

Bu sövdələşmə Zamirənin varidatını, bütün əldəki hesablarını geri verməsi müqabilində əri Cahangir Hacıyevin azadlığa çıxarılması ilə müşayiət edilə bilər.

Belə görünür ki, reportyorlar bu bədxərcliyinə və Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş aktivlərin müsadirəsinə icazə verən qanunun tətbiq edildiyi ilk xarici vətəndaş olmasına görə sürətlə məşhurlaşan Zamirə Hacıyevanı malikanəsinin qarşısında güdüblər. Və iti ilə gəzintiyə çıxarkən onun fotolarını çəkə, habelə itinin və geydiyi paltarın dəyərini hesablaya biliblər.

Cahan.info xəbər verir ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.

Zamirə Hacıyeva malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində “Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı “Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində “Miu Miu” günəş eynəyində olub.

Onun çantası isə xüsuilə bahalıdır, Hermes şirkətinin ‘Constance’ brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir.

Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkçəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib.

İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Xatırladaq ki, indi 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq.

Milli Məclisin deputatı Fərəc Quliyevdeyib ki, bütün hallarda Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilməsinə çalışılmalıdır:

"Çünki külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktı ortaya çıxıb. Bu isə çox pis ənənənə yarada bilər. Mən qadının arxasınca danışmağı sevmirəm. Amma hər halda bu cür xoşagəlməz ənənələr davam etməsin deyə, bu cür halların qarşısını almaq üçün Zamirə Hacıyevanın Azərbaycana gətirilməsi vacibdir.

Mətbuatdan da oxuyuram ki, Zamirə Hacıyeva həmin vəsaitin guya dövlətdən oğurlanmadığı iddiasını Böyük Britaniya məhkəməsinə sübut edə bilməyib.

Onun xarici banklarda saxladığı külli miqdarda vəsaitlər var ki, o pulların Azərbaycana qaytarılması üçün ciddi addımlar atılmalıdır. O vəsaitlər müsadirə olunaraq ölkəyə gətirilməlidir. Hesab edirəm ki, müvafiq icra strukturları bu işlə məşğul olmalıdır".

Deputat qeyd edib ki, korrupsiya yolu ilə oğurlanan dövlət vəsaitlərinin büdcəyə qaytarılması ilə bağlı da bir sıra əlavə və dəyişikliklərə ehtiyac var:

"Mən bu məsələyə Milli Məclisin iclasında da toxunmuşam. Cinayət yolları ilə əldə edilən vəsaitlərlə bağlı danışan zaman bildirmişəm ki, büdcə müzakirələri zamanı "büdcəyə daxil olmalar" adlanan paraqraf əlavə edilsin.

Orada isə korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin geri qaytarılması təmin olunsun. Konkret misal göstərirəm ki, Azərbaycan Beynəlxalq Bankından külli miqdarda vəsaitlər oğurlanıb.

Bu və ya digər korrupsiya yolu ilə oğurlanan vəsaitlərlə bağlı məhkəmə prosesləri gedir. Ona görə də həmin vəsaitlərin geri qaytarılması təmin olunmalıdır.

Əgər bu addım atılarsa, bu, həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanar. Çünki həmin vəsaitlər xalqın cibindən oğurlanıb.

Həmin vəsaitlər geri qaytarılmalıdır, mülklər müsadirə edilməlidir, bundan sonra isə şəffaf şəkildə büdcəyə əlavə olunmalıdır.

İndiyədək bu vəsaitlərin hara xərclənməsi bəlli deyildisə, bundan sonra həmin vəsaitlərin sərfolunma yeri göstərilməlidir.

Bunun üçün də Azərbaycanın Dövlət Büdcəsində "korrupsiya yolu ilə əldə olunan vəsaitlərin qaytarılması" adlı xüsusi paraqraf olmalıdır. Bu da büdcə daxilolmasında göstərilməlidir”.шаблоны для dle 11.2

Oxunub: 296






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23