Zeynəb Xanlarova Amerikada xeyriyyəçiliklə məşğuldur - FOTO

Zeynəb Xanlarova Amerikada xeyriyyəçiliklə məşğuldur
Azərbaycan Milli Məclisinin deputatı, xalq artisti Zeynəb Xanlarova Amerikada xeyriyyəçiliklə məşğuldur

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, Zeynəb Xanlarovanın Amerikaya köçməsinə sıradan bir məsələ kimi yanaşmaq olmaz: “Onun titullarını, mandatını, yaşını, keçmişdən az-çox qalan nüfuzunu, imkanlarını, o cümlədən maddi sahib olduqlarını, sərvətini düşünün, o qədər suallar çıxacaq ki... Zeynəb Xanlarovanı 83 yaşında Azərbaycanı tərk etməyə vadar edən nədir? İnsan 40 yaşında belə qürbətdə dabanını yerə bərkidə bilmir, o da qalsın torpağın adamı bütünlüklə özünə çəkdiyi yaş. O ki, bu hakimiyyətin ən başa çıxardıqlarından biri idi, mandatı vardı, eninə-uzununa titulları vardı. Və ən maraqlısı, adam ABŞ-da yaşaya-yaşaya Milli Məclisin deputatıydı. Onun köçü 2012-ci ildən başlamışdı. Mətbuat indi xəbər tutur, hakimiyyət isə illər boyu bildiyinə göz yumdu. "Dövlətçilik ənənələri" var axı.

Bilirsiniz, o, hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur. Azərbaycanda yox, Amerikada. Sanki Azərbaycan lənətlənib, yetiminə, yesirinə yaxın durmaq istəyən yoxdur, imkansızına yaxşılığı da minnətlə edirlər. Zeynəb Xanlarova xeyriyyə fondunu Bakıda da aça bilərdi, Xızıda da, nəinki Brooklyn-də. 2013-cü ildə Brooklyn-də, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 2500 fut (232.2 kv. m.) sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar! İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir. Bu müddət ərzində isə Zeynəb Xanlarova Milli Məclisdən maaş alıb, ayda 2598 manat. Ara-sıra Azərbaycana gəlib-gedib, deputat maaşına ehtiyacı olmayıb, amma maaş cədvəlinə qol çəkib. Gəl ki, deputatlıqdan əl çəkə bilməyib. Şöhrətpərəstlikmi? Şöhrəti az idimi? Elə indi Nyu-Yorkda, xüsusilə Brooklyn-də postsovet məkanından olan miqrantlar arasında Zeynəb Xanlarovanın hörməti bəlkə də Azərbaycanda mandata xərclik elədiyi nüfuzundan daha artıqdır. Deyirlər, nə yardan doyur, nə əldən qoyur. Hələ də növbəti seçkilərə qatılmamaq barədə qəti qərarını elan etməyib, tərəddüd keçirir. Nə bilmək olar, bir də eşitdiniz ki, namizəddir...”





шаблоны для dle 11.2

Oxunub: 663






E-mail: cahan.info@mail.ru