Mətbuat “reketizm”dən təmizlənir: media ictimaiyyəti ayağa qalxdı - Reaksiya

media ictimaiyyəti ayağa qalxdı
Mətbuat Şurası rəsmiləri, ekspertlər, deputatlar bir neçə gündür ki, “reket jurnalistika”dan danışırlar. Bu problem xüsusilə İkram Rəhimov adlı sayt rəhbərinin saxlanmasından sonra aktuallaşıb.

Cahan.info-nun verdiyi məlumata görə,
telekanallarda, ayrı-ayrı qəzetlərdə və saytlarda “reket media” müzakirə olunur.

Əslində, zaman-zaman “reketçilik”lə məşğul olanlara qarşı mübarizə aparılıb. Lakin onlar tutularkən məlum olub ki, bu adamları vəzifəli şəxslər himayə edirlər. Misal üçün MTN bandasının hamilik etdiyi jurnalistlərin həbsini qeyd etmək olar.

Son dövrlər isə “reket mətbuat”a qarşı mübarizə aparılsa da, tamamilə kökünü kəsmək mümkün olmur. Bu mövzuda danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrət reportyor.info-ya deyib ki, problemi kökündən həll etmək üçün kompleks tədbirlər həyata keçirmək lazımdır.

Onun sözlərinə görə, Mətbuat Şurası səlahiyyətləri çərçivəsində gücü çatdığı qədər addımlar atır: “Jurnalistikadan sui-istifadə edənlərlə bağlı tədbirlər görürük.İlk növbədə el qınağının təşkil olunmasıdır, peşə davranış qaydalarını pozanlara xəbərdarlıq edilməsidir və bundan nəticə çıxarmayanların adlarının “qara siyahı”ya salınmasıdır.

Amma bütün bunlar da tam olaraq effektiv metod deyil və biz də bundan o yana gedə bilmirik. Çünki adam gedib yeni sayt və ya qəzet açır, yenə böhtan yazmağa davam edir, vəzifəli şəxsləri hədələyir”.

MŞ İH üzvü təklif edir ki, qanunvericiliyə dəyişiklik və əlavələr edilsin: “Məsələn, necə ki sürücü ağır qəza törədəndə bəlli müddətə sürücülükdən məhrum edilir və yaxud rüşvət alan məmur vəzifəsindən uzaqlaşdırılıb dövlət qulluqçusu kimi fəaliyyət göstərə bilmir, eləcə də jurnalistikada üzqarası olanlara bu peşə ilə məşğul olmaq 6 aylıq və yaxud ömürlük müddətə yasaqlansın.

Çünki başqa yol qalmayıb, xəbərdarlıq edirsən, gedib başqa sayt açır, jurnalist adına ləkə yaxır, jurnalistikanı gözdən salır, çirkin niyyətlərini həyata keçirməyə başlayır.

Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə tədbirlər görürlər. Lakin ilk növbədə ictimai qınaq güclənməlidir, ikincisi də qanunvericiliyə dəyişiklik olunaraq sərt tədbirlər həyata keçirilməlidir”.

Cahan.info xəbər verir ki, deputat Aqil Abbas “reket” jurnalistlərin sayının azaldığını bildirib. A.Abbas “reket” jurnalistikasının bir səbəbini də çirkaba bulaşan məmurlarda görür:

“Həmin saytların, qəzetlərin işçilərindən qorxan məmurlar var. Özləri rüşvətlə məşğuldurlar, büdcədən pul yeyirlər, vergidən yayınırlar, ona görə həmin jurnalistin dediyini eləməyə məcbur olurlar.

Mətbuat Şurasında “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Onlara gələn şikayətləri araşdırırlar, “qara siyahı” tərtib edirlər, bəziləri Mətbuat Şurasının səlahiyyətlərindən kənarda olur və prokurorluğa göndərilir”.

Deputat hesab etmir ki, qəzetlərin, saytların, sosial medianın imkanlarını məhdudlaşdırmaqla bunun qarşısını almaq mümkündür.

“Reket” adlandırılan dilənçi və şantajçı saytlar, qəzetlər ciddi cəzalandırılmalıdır”. Bunu "Sherg.az”a açıqlamasında Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı deyib.

Jurnalist bildirib ki, bu cür şəxslər həqiqi jurnalistikanı gözdən salır. Şantajla məşğul olur, insanları ləkələyir, rüşvət alır və hər cür hoqqalardan çıxırlar.

“Reallıq.info və onun kimi digər saytlar insanların şərəf və ləyqətini alçaldır, təhqir və böhtana yol verərək vətəndaşlara qarşı mənəvi terror həyata keçirir”.

Bunu isə “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə deyib.

Komissiya sədri bildirib ki, dəfələrlə İkram Rəhimovla bağlı Mətbuat Şurasına şikayətlər daxil olub: “Müraciətlərdə qələmə alınan faktların hamısı böyük cinayətlərdir.

Bir neçə ay öncə bizə müraciət daxil oldu ki, İkram Rəhimov hazırda həbsdə olan, jurnalistikaya dəxli olmayan şəxslərə vəsiqə verərək, manipulyasiya yolu ilə onları azadlığa çıxarmağa cəhd göstərib.

Bu cür davranışlar jurnalistikaya ləkə gətirir. İ.Rəhimov və komandası Mətbuat Şurasının rəhbərliyi və üzvləri haqqında çox təhqiramiz ifadələr səsləndirir, bizə böhtan və şər atır.

MŞ olaraq İ.Rəhimovun rəhbərlik etdiyi reket saytları “qara siyahı”ya salmışdıq. Bundan sonra quruma qarşı şər və böhtanlarını daha da artırmışdı.

Durmadan öz saytları və sosial şəbəkələr vasitəsi ilə ünvanımıza hədyanlar yağdırırdı. Əminliklə demək lazımdır ki, İkram Rəhimov peşəkar cinayətkardır.

“Reket jurnalistika təkcə Mətbuat Şurasının deyil, həm də cəmiyyətin məsələsidir”. Bunu AzNews.az-a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

O, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun reket fəaliyyətinə görə həbs edilməsini şərh edərək bildirdi ki, mediada reketlik yeni bir şey deyil, bu, neçə illərdir ki, Azərbaycan mətbuatını sarıyan bir xəstəlikdir:

“Bu xəstəlik cəmiyyəti təhdid edir. Ona görə də biz Mətbuat Şurasında Şikayətlər Komissiyasının təklifi ilə müəyyənləşdirmişik ki, bu kimi məramlara, müxtəlif qrupların maraqlarına xidmət edən media vasitələrini və jurnalistləri qara siyahıya salaq.

Bu insanlar və ya dırnaqarası jurnalistika ilə məşğul olan qurumların, saytlaın jurnalistikaya heç bir aidiyyəti yoxdur. Bu gün jurnalistika qapalı fəaliyyət sahəsi deyil, hər bir kəs bu sahədə çalışa bilər.

Amma bu şərtlə ki, “Kütləvi İnformasiyalar” haqqında Azərbaycan Respublikasının Qanununa, Mətbuat Şurasının qəbul etdiyi müvafiq qaydalara əməl etsinlər. Yəni müəyyən edilmiş etik çərçivədən çıxmasınlar.

Çox təəssüf ki, bu gün bir qrup insanlar var ki, jurnalist adından istifadə edib öz korporativ maraqlarına xidmət edirlər. Bu kimi şəxslər təbii ki, qanun qarşısında məsuliyyət daşıyır.

Çünki insanların şəxsi həyatına qarışmaq, təhdid etməklə onlardan pul tələb eləmək qanunla qadağandır. Bununla bağlı cinayət Məcəlləsində müvafiq maddələr təsbit olunub”.

Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.шаблоны для dle 11.2

Oxunub: 310






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23