Əli Həsənovun təhdid etdiyi jurnalist danışdı

Əli Həsənovun təhdid etdiyi jurnalist danışdı
“Bu ilin aprelində Demokrat.az saytında Xəzər TV-nin aparıcısı olan Toliklə bağlı tənqidi məqalə getmişdi (http://demokrat.az/news/11374). Həmin məqalə saytda gedəndən bir neçə saat sonra Əli Həsənovun müavini Vüqar Əliyev zəng edərək, məni təhdid etdi. Hətta, açıq şəkildə mənə bildirdi ki, o məqalə 10 dəqiqə ərzində saytdan çıxmasa, Demokrat.az bloklanacaq”

Bu sözləri “Demokrat.az” saytının Baş redaktoru Vasif Həsənli “Facebook”un rəy bölməsində paylaşıb. Saytın redaktoru Əli Həsənovun ona etdiyi təhdidləri bu cür sadalayıb:

“Mən materialı saytdan çıxartmadım. Səhəri gün polis idarəsindən mənə müstəntiq zəng edib, polisə çağırdı. Polis idarəsinə bir neçə həmkarlarımla birlikdə getmişdim. Səbəb kimi bilirsənmi mənə nə deyilirdi? “Özünü yaxşı aparmırsan, sənə zəng olunanda onları eşit, əks halda gələn dəfə pis olacaq!”.

Həmin ərəfədə Əli Həsənovun rəhbərlik etdiyi şöbənin tapşırığı ilə dəfələrlə təhdid olunmuşam, onun müavini olan Vüqar Əliyev məni telefonda “körpə uşaqların var, ağıllı ol” deyə xəbərdarlıq edib, onların göstərişi ilə Baş Prokurorluğa çağırılmışam. Hər birində də eyni tələb qoyulub: Niyə Əli Həsənovu eşitmirsən?!

Bundan sonra Əli Həsənovun göstərişi ilə daha betər təzyiqlərə məruz qaldım. Onun yaxın qohumu olan və hazırda Salyanın polis rəisi işləyən Cəbrayıl Vəliyevin tapşırığı ilə (Cəbrayıl Vəliyev Sona Vəliyevanın qardaşıdır) ailə üzvlərimə xəbərdarlıq olunurdu. Salyanda yaşayan yaxın qohumlarım tərəfindən atama xəbər çatdırılmışdı ki, məni geri çəkindirsin. Atam bu barədə mənə bildirəndə dərhal Əli Həsənovun müavini Vüqar Əliyevə zəng etdim, amma o zəngimə cavab vermədi. Sonra da Əli Həsənovun şöbəsində çalışan digər bir məsul şəxsə bu barədə məlumat verdim. Bildirdim ki, mənə qarşı edilən bu təzyiqlərin sifarişçisi kimi Əli Həsənovun oğlu Şamxal Həsənlinin adı hallandırılır. Eyni zamanda xahiş etdim ki, araşdırılıb mənə də məlumat verilsin. Bundan sonra mənə qarşı olan açıq təzyiqlər dayandırıldı. Lakin Salyanda polis tərəfindən ailəmin narahat edilməsi ilə bağlı bu günədək heç bir araşdırma aparılması barədə məlumat verilməyib”.

Qeyd edək ki, prezidentin sərəncamı ilə Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilib. Həm sosial mediada, həm də saytlarda Həsənovla bağlı sərəncam böyük maraqla, hətta əksər hallarda sevinclə qarşılanıb.шаблоны для dle 11.2

Oxunub: 272






E-mail: cahan.info@mail.ru