Ya islahat, ya iflas: İlham Əliyevdən inqilabi islahatların pərdəarxası

 İlham Əliyevdən inqilabi islahatların pərdəarxası
Azərbaycandakı son ciddi kadr və struktur dəyişiklikləri artıq dünya mediasının da diqqət mərkəzinə çevrilib

2019-cu ilin əvvəlindən prezident İlham Əliyev tərəfindən elan olunmuş islahatların sürətləndirilməsi prosesi ilk yarıda görünməyən əngəllərlə ləng getdiyindən məsələ ən yüksək səviyyədə müzakirəyə çıxarılmalı idi. Artıq islahatların aparılması prossesində “tormoz” rolunu oynayan bütün əngəllər ya aradan qaldırılmalı, ya da islahatlar yarımçıq dayanmalı idi.

Bakıda yeddincisi keçirilən Türk Şurasının Sammitindən sonra, prezident İlham Əliyevin sədrliyi ilə hökumətin iqtisadi qanadının geniş müşavirəsi keçirildi. Müşavirə yerli kanallarda canlı olaraq yayımlandı və görüş zamanı əsas məsələ islahatların qarşısında duran əngəllər idi. Müşavirədə prezident açıq şəkildə bu əngəllərin aşılmasının vacibliyini qeyd edərək diqqəti keçmiş nomenklatura işçilərinin üzərinə çəkdi. Bu, SSRİ dövründən müxtəlif dövlət strukturlarında lövbər salmış yaşlı təbəqənin inkaşafa maneələr törətdiyi haqda verilmiş ilk açıq bəyanat idi. Təbii, illərdir dövlət və millət qarşısında xidmətləri olan yaşlı nəsil dövlət məmurlarının hörmətlə təqaüdə yola salınması məlum səbəblərdən mümkün olmadığına görə, bu addımların atılması bir qədər uzanmışdı. Amma son müşavirə onu göstərdi ki, artıq səbr kasası daşıb və ciddi tədbirlərin görülməsinin vaxtı çatıb.

Prezidentin gündəmindəki əsas məsələ son 1-2 ildə mühüm nazirlik və komitələrə rəhbər təyin edilmiş gənc kadrlara qarşı mediada hakimiyyətin bəzi nümayəndələri tərəfindən qaralama, gözdənsalma kampaniyaları idi. “Bu dözülməzdir və yolverilməzdir” deyən prezident artıq islahatların qarşısında duran bütün əngəllərin yıxılacağını, bu prosesə badalaq vurmaq istəyənlərlə yolların ayrılacağının anonsunu çox açıq şəkildə verdi. Nazir təyin olunduğu vaxtdan vergi sahəsində həyata keçirdiyi müsbət dəyişikliklərə görə Mikayıl Cabbarova təşəkkür edən prezident belə kadrların qorunacağını, islahatların qətiyyətlə davam etdirilcəyini vurğuladı. Sərt mesajı ən yüksək məqamdan alan “qaranlıq zümrə”nin tələsik addımlarından biri AXCP-nin icazəsiz aksiyası idi. Bu dəfə birləşib islahatlara əngəl olanlar bir-birini korrupsiya pulları ilə dövləti Əli Kərimli ilə şantaj etməyə başladılar. Amma destruktiv fəaliyyətləri bumeranq kimi özlərinə qayıtdı.

Xatırladırıq ki, son bir neçə ilə qədər xalq, xüsusən də iş adamları arasında az qala “gestapo” imici qazanmış bu dövlət qurumunun fəaliyyəti artıq dünya standartları səviyyəsinə çatmış, vergilərin ödənişi və digər əməliyyatlar demək olar ki, tam olaraq elektronlaşdırılıb. Bir vaxtlar Azərbaycanda iş adamlarının həsədlə baxdıqları inkişaf etmiş ölkələrdəki vergi sistemi artıq ölkəmizdə də tətbiq olunaraq işləməyə başlamışdı. Büdcənin formalaşmasında əsas rolu oynayan bu nazirlikdəki fəaliyyətlərinə görə bu gün prezident İlham Əliyev Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin etdi. İqtisadiyyat nazirliyinin isə səlahiyyətləri genişləndirilərək onun tərkibinə Vergilər Nazirliyi, Əmlak məsələləri komitəsi, Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Agentliyi birləşdirildi. Bu bir tərəfdən hökumət aparatının və məmurlarının sayının azaldılması, digər tərəfdən isə idarəetmə sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin mobil və operativləşdirilməsi deməkdir. Artıq böyük məmur ordusu, gərəksiz nazirlik, komitə və agentliklərin saxlanmasına xərclənən onmilyonlarla manatın sosial proqramlara yönəldilməsinə imkan verəcək. Axı hər belə bir nazirlik və ya komitə onlarla məmur, onlarla xidməti avtomobil və hər il milyonlarla xərc demək idi.

Son dəyişikliklərlə bağlı ictimaiyyətin reaksiyasına gəldikdə isə, xalqın bu məsələdə prezidentin arxasında olduğu küçələrin nəbzini tutan sorğular və sosial şəbəkələrin qısa monitorinqi nəticəsində bəlli oldu. İslahatların ləngiməsindən, gec həyata keçməsindən ən çox əziyyət çəkən xalq, o cümlədən orta və xırda iş adamları bu dəyişiklikləri çoxdan gözləyirdi. Bundan sonra isə millətin gözləntiləri ancaq nəticələr olacaq.

Son iqtisadi müşavirədən sonra dünya mediasında ölkəmiz haqqında məqalələrin və nüfuzlu araşdırma mərkəzlərinin ekspertlərinin fikirlərinin analizindən sonra ortaya çıxan mənzərə bundan ibarətdir ki, artıq dünya Azərbaycan hakimiyyəti daxilində islahatçı qanadın qələbəsindən danışır. Bu sözsüz ki, artıq 2020-ci ildən etibarət nüfuzlu beynəlxalq reytinq agetnliklərinin hesabatlarında öz əksini tapacaq. Kölgə iqtisadiyyatının həcminə görə, korrupsiyanın səviyyəsinə görə səriştəsiz və yarıtmaz məmurların “sayəsində” həmişə irəli yerləri tutan Azərbaycan artıq biznes mühitinin sabitliyinə, ədalətli vergi siyasəti və azad məhkəmə sistemi ilə dünyanın qabaqcıl ölkələri ilə yarışacaq. İqtisadiyyatının gücü, insan resursları və təbii sərvətlərlə zəngin, strateji coğrafi mövqeyə malik ölkəmiz bunun üçün bütün potensiallara malikdir.шаблоны для dle 11.2

Oxunub: 261






E-mail: cahan.info@mail.ru