Putin etirazlar qarşısında geri çəkilir - mühüm gəlişmələr

Putin etirazlar qarşısında geri çəkilir
Bu ilin iyulundan etibarən Rusiyada başlayan etiraz aksiyaları səngimək bilmir. Sentyabrın 8-də Moskva Şəhər Bələdiyyəsinə keçirilən seçkilərdə bəzi müxalif namizədlərin qeydə alınmaması səbəbilə start götürən mitinqlər təkrarlanır. Aksiyalarda həbs edilən iştirakçılar müxtəlif cəzalara məhkum ediliblər

Son olaraq, bazar günü aksiya keçirilib. Əvvəlki aksiyalarda namizədlərin qeydə alınması tələb edilirdisə, indi həbs edilənlərin bütünlükdə azad olunması tələb olunur. Artıq etirazların getdikcə nəticə verdiyi görünməkdədir. Belə ki, Rusiya məhkəmələri son həftələrdə geri çəkilmiş durumda görünür. Bəzi şəxslər azad edilib yaxud girov qarşılığında azadlığa buraxılıblar. Nümayişçilər isə bütün həbs edilənlərin azad olunmasını tələb edirlər.

Bazar günü etirazçılara müraciət edən Lyubov Sobol yay etirazlarının əsas fiqurlarından biridir.

Əsas müxalifət nümayəndələrindən Aleksey Navalni və Lyubov Sobol bazar günü izdihama müraciət ediblər.

"Biz öz hüquqlarımıza hörmət edilməsini tələb etməyə davam etməliyik, çünki onlar bizə küçələrdə etiraz etməkdən başqa seçim qoymadılar", Lyubov Sobol bildirib.

Aleksey Navalni polis zorakılığını qınayıb və insanları gələcəkdə keçiriləcək mitinqlərə qoşulmağa çağırıb.

Özəl xəbər agentliyi İnterfaks mitinqdə həbslərin olmadığı xəbərini verib.

"Polis əməkdaşları və Rusiya Milli Qvardiyasının nümayəndələri ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin edirlər". Bunu Moskva polisinin mətbuat xidmətindən mitinq başladıqdan sonra bildiriblər.

Ekspertlər aksiyalar qarşısında prezident Vladimir Putin iqtidarının getdikcə geri çəkiləcəyini, həbs edilənlərin tədricən azad olunacağını bildirirlər. Rusiya hökumətinin addım-addım etirazçıların tələblərini yerinə yetirməsinin arxasında Qərbdən gələn təzyiqlər göstərilir. Hər addımbaşı Kremli sıxmaq fürsəti arayan Qərbə bu şansı verməmək üçün Putin hakimiyyətinin etirazları bu cür yollarla səngitmək niyyətində olduğu qeyd edilir.

Politoloq Əhəd Məmmədli rus iqtidarının yumşalmasını bu cür izah edir: “Putin avtoritar lider olsa da, öz ölkəsinin dünyada imicini düşünən insandır. Ona görə o, həmişə Rusiyanın avtoritarlıq dozasını qoruyub saxlayıb. Yəni heç vaxt Rusiyanın lap aşağılara Asiya, Afrika ölkələrinin səviyyəsinə düşməsinə imkan verməyib. Putinin birinci prezidentlik dönəmi bitən zaman söz-söhbətlər yayılırdı ki, o referendum keçirib, konstitusiyanın dəyişilməsinə nail olub, ardıcıl 3-cü dəfə seçiləcək. Putin bu söz-söhbəti yayanları ağılsız adlandıraraq, heç bir konstitusiya dəyişikliyinə getməyəcəyini bildirmişdi. Varis planı işə düşdü, Medvedevlə rokirovka edərək prezident-baş nazir yerlərini bir müddətə dəyişdilər, lakin dövlətlərinin konstitusiyasına toxunmadılar. Deməyim odur ki, Putin, Ərdoğan kimi siyasətçilər hara qədər gedib, harada dayanmağın lazım olduğunu yaxşı bilən liderlərdir. O ki qaldı mitinq nümayişçilərinə göstərilən sərtlikdən sonra sərgilənən yumşaq siyasətə, azdan-çoxdan Rusiya siyasətindən xəbəri olan adam kimi bu mənim üçün təəccüblü görünmədi. Buna məşhur çörək və qamçı yanaşmasının daxili siyasətə tətbiqi kimi baxaq. Davamı kimi də təhlükə sovuşandan sonra lazımsız problemlərdən qurtulmaq üçün nümayişçilər yavaş-yavaş azadlığa buraxılmağa başlandılar. Bu etirazçılar qarşısında geri çəkilmək kimi qələmə verilməməlidir, qamçı siyasətinin çörək siyasəti ilə əvəzlənməsidir. Yuxarıda qeyd etdiyim kimi, avtoritarizmdən diktaturaya yuvarlanmaması və Rusiyanın dünyada imicinin qorunub saxlanılması Putin və elitası üçün vacib bir məsələdir. Son razılaşdırılmış mitinqdə 20-25 minin iştirakı nəinki Rusiya, heç Moskva üçün o qədər böyük rəqəm deyil. Düzdür bu qədər həbslər, təzyiqlər, təhdidlər qarşısında 25 min adamın etiraz mitinqinə çıxması mühüm bir hadisədir. Lakin Putin rejimi üçün gözlənilən bir rəqəm idi. Ona görə nümayişə imkan yaratdılar. Bununla dünyaya Rusiyanın heç də deyilən kimi diktatura ölkəsi olmadığını göstərdilər, həmçinin də, müxalifətin böyük elektorata malik olmadığını nümayiş etdirdilər. Bu mitinqlə Kreml necə deyərlər, bir güllə ilə iki dovşan vurdu. Moskva Şəhər Dumasına seçkilər keçirildi, sistemdən kənar müxalifət bu seçkilərə də buraxılmadı hadisələrlə bağlı etiraz aksiyasının dalğası demək olar ki dayandırıldı. Son mitinq də bu hadisələrin son çalınan akkordu idi. Nöqtəni yenə Putin qoydu. O ki qaldı Navalnı, Sobol və digərlərinə, Putin onlardan heç vaxt təhlükə görməyib. Görsə idi, onlar ya ölkələrindən mədəni sürgün ediləcəkdirlər, ya da onlara cinayət işi açıllb illərini həbsxanada keçirəcəkdilər. Necə ki Xodorkovski kimi. Üsyankar oliqarx illərini həbsaxanada keçirdi, əfv yazdı, azadlığa buraxıldı, sonra da mühacirətə göndərildi. Deməyim odur ki, Putin üçün Xodorkovskilər Navalnılardan daha təhlükəlidir. Ona görə birini sürgün edir, o birini isə yanında saxlayır”.

Politoloq aksiyalarda Qərbin təsirinin olduğunu istisna etmir: “Rusiyaya ən böyük təsir illərdir tətbiq edilən sanksiyalardır. Bu istər-istəməz sosial həyatda öz mənfi təsirini göstərdi. Rusiya qaz-neft ölkəsidir. Neftin qiymətlərinin düşməsi, rublun devalvasiyası Rusiyanın iqtisadi durumuna öz mənfi təsirini göstərməyə bilməzdi. Fikrimcə, şimal qonşumuz indiki situasiyada etirazlarının qarşısını aldı, böyüməsinə imkan vermədi. Putin nə vaxta qədər taxtadır, onu heç kəs devirə bilməyəcək. Gərək Rusiyada nəsə baş versin, böyük kataklizmlər olsun və ya bu ölkə hansısa hərbi münaqişədən məğlub çıxsın ki, Putinə ciddi təhlükə olsun. Əks-halda Putinin ərazi baxımından dünyanın ən böyük ölkəsində hökmranlığı davam edəcək. İndi Putini düşündürən özündən sonrakı dövrüdür. Hal-hazırda rus çarı varis planı və yaxud özünün başqa statusda hakimiyyətdə qalması planını həyata keçirməsi üstündə fikirləşir. Yoxsa Putin üçün sistemdən kənar müxalifət maneə deyil ki, onun üstündə başını sındırsın. Başını sındırılası daha böyük işləri var, hansılar ki, yuxarıda qeyd etdik”.шаблоны для dle 11.2

Oxunub: 39






E-mail: cahan.info@mail.ru