İki uşağı və əri xəstə olan köçkünün ürəkparçalayan sözləri - Salmanzadə TV-də...

İki uşağı və əri xəstə olan köçkünün ürəkparçalayan sözləri
Mətanət Qafarova məcburi köçkündür. Onun taleyinə vətən həsrəti və yurd-yuvadan didərginlik düşməklə bərabər bir də həyatın ağırlığı, zülm-zilləti, övladlarının xəstəliyini müalicə etdirmək üçün imkansızlıq yazılıb.

Salmanzadə TV-nin Bərdənin Alaçadırlı kəndində məskunlaşmış M.Qafarovanın evindən hazırladığı süjetdən görünür ki, ailə acınacaqlı bir şəraitdə yaşayır. Mətanət xanımın 2 övladı və həyat yoldaşı xəstədirlər.

Kiçik oğlu əməliyyat olsa da, Bakıda müalicəsinə ehtiyac var, həyat yoldaşı isə şəkərdir, əvvəllər fəhləlik edib, indi işləmək imkanı yoxdur.

Ona görə evin yükü, ağırlığı Mətanət xanımın üzərinə düşüb. Onun sözlərinə görə, günə 8 manata işləyirdi, indi o işlər də yoxdur.



Məcburi köçkün xanıma heç yerdən köməklik göstərilməyib. Ona nə sosial yardım, nə pensiya verilir, nə işlə təmin edilir, nə Bərdə icra hakimiyyəti əl tutur, nə də əri evə pul gətirə bilir.

Onun tək arzusu övladlarının müalicəsi və sosial ünvanlı yardım ayrılmasıdır. M.Qafarova əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən xahiş edir ki, onların vəziyyəti ilə maraqlansın.

Məcburi köçkün “Qaçqınkom” sədri Rövşən Rzayevdən də kömək gözləyir: “Bizim qismətimiz, taleyimiz qara gəlib elə bil. Nə vətənimizə qayıda bildik, nə burada muradımıza çatdıq.

Mən bir ana olaraq Mehriban xanıma, cənab prezidentə, hörmətli Sahil Babayevə və Rövşən Rzayevə üzümü tutub bildirirəm ki, bizi bu vəziyyətdən xilas eləsinlər.

Bizim günümüz göz qabağındadır. Bu evdə normal insan yaşamaz, xəstəlik mənbəyidir. Ancaq dözürük, hara gedək?

İki balam xəstədir, onlar gələcəyin əsgəri, vətənin keşikçiləri olacaqlar. Gözümün qabağında şam kimi əriyirlər, imkanım yoxdur ki, müalicə etdirim.

Yoldaşım fəhləlik edib bizi dolandırırdı, o da şəkər xəstəsidir, işləmək gücü yoxdur. Biz bu ölkənin vətəndaşlarıyıq, başqa güvənc yerimiz yoxdur.

Ona görə Mehriban xanıma, dövlətimizin ürəyiaçıq insanlarına sığınıram, səsimizi eşidin, bu kadrlara baxandan sonra ötüb keçməyin, zəng edin, nə mümkündürsə kömək edin”.

M.Qafarova S.Babayevin göstəriş verəcəyinə, nazirlik əməkdaşlarının onların evinə baş çəkərək yardım edəcəklərinə inanır: “Cənab nazir, siz mərhəmətli insanınız, çoxlu vətəndaşların dadına çatmısınız.

Biz də onlardan biriyik, əməkdaşlarınızı göndərin, bizə imkan daxilində yardım olunsun, uşaqlarımın müalicəsi, sosial yardımın ayrılması, özünüməşğulluq proqramından istifadə etməyimiz üçün dəstək verilsin”.шаблоны для dle 11.2

Oxunub: 10 304






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23