Deputatın “Milyarderlər ittifaqı” ilə əlaqəsi və 1 milyon skandalı qızışır - Özəl

Deputatın “Milyarderlər ittifaqı” ilə əlaqəsi və 1 milyon skandalı qızışır
Deputat Araz Əlizadənin “Milyarderlər ittifaqı” ilə əlaqələrinin olması ittihamı böyük skandala səbəb olub

Cahan.info-nun verdiyi məlumata görə,
hakimiyyətə az qala düşmən mövqedə dayanmış bir təşkilatın yanında olmaq ittihamı müzakirələr açıb.

A.Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəməsi iddialarını təkzib edib. O, Sadıqovu yalan danışmaqda günahlandırıb.

Tərəflərin hansının dürüst danışdığını söyləmək çətindir. Lakin iqtidar əleyhinə iş aparmış və Abbas Abbasov kimi birinin başçılıq etdiyi ittifaqa yaxınlaşmaq yaxşı hal deyil.

Digər tərəfdən isə, A.Əlizadə təcrübəli adamdır, hakimiyyətə nifrət bəsləyən adamlardan pul istəməz. Belə hiss olunur ki, Söyüd Sadıqov təzədən siyasi dövriyyəyə daxil olmaq və müxtəlif qalmaqallarla gündəmdə qalmaq istəyir.

S.Sadıqovun birdən-birə A.Əlizadəyə hücum etməsinin səbəbi bilinmir. Sadəcə, son zamanlar yenidən aktivləşməyə başlayıb. Belə çıxır ki, parlament seçkisinin yaxınlaşması ehtimalı Rusiyadakı qüvvələri fəallaşdırır.

Azərbaycanlı oliqarxın sözlərinə görə, A.Əlizadə deputat seçildiyi təqdirdə həmin pulun müqabilində onun fəaliyyətilə bağlı Azərbaycanda geniş təbliğat işi quracağını vəd edib:

“2015-ci ilin parlament seçkiləri ərəfəsi idi. Araz Əlizadə ortaq tanışımız olan Vaqif adlı kiçik iş adamının vasitəsilə mənimlə görüşdü. Görüş zamanı Araz Əlizadə məndən xahiş etdi ki, onun seçki hazırlıqlarına sponsorluq edim və ona 1 milyon pul verim.

Əvəzində isə Araz Əlizadə mənim fəaliyyətimlə bağlı geniş təbliğat işi aparacağını vəd etdi. Mən isə bununla qəti razı olmadım.

Araz Əlizadəyə dedim ki, mənim Azərbaycanda təbliğ olunmağıma ehtiyac yoxdur. Mən Azərbaycan vətəndaşı deyiləm ki, orada ictimai-siyasi proseslərdə iştirak edim, təbliğ olunum və sairə.

Mən buna ehtiyac olmadığını söylədim. Bu görüşun olmasına və Araz Əlizadənin məndən 1 milyon pul istəməsinə Vaqif adlı kiçik iş adamı da şahiddir”.

S.Sadıqov bildirib ki, indi Araz Əlizadənin onun və "Milyonerlər ittifaqı” kimi tanınan şəxslərin əleyhinə danışması məhz buradan qaynaqlanır.

Musavat.com-a danışan deputat Araz Əlizadə bunları bildirib ki, 2013-ci ildə "Milyarderlər ittifaqı” yaradılanda onları xalqı sevməyən məxluqlar adlandırıb:


“Onların Azərbaycanda yaratdıqları Milli Şuranı isə "milli şurik”lər adlandırmışam. Belə olan halda mən necə ola bilər ki, 2015-ci ildə Söyün Sadıqova müraciət edim ki, mənə pul lazımdır? Ən qəribəsi odur ki, mənim Vaqif adlı nə kiçik, nə böyük iş adamı tanışım var.

Mənim bir dənə Vaqif adlı tanışım var, bizim partiyanın üzvüdür, yazığın gözləri çox pis görür, vaxtaşırı ona kömək edirəm. Ən əsası da mən 2013-cü ildən bu yana Moskvada olmamışam”.

Bundan əvəvl isə deputat Siyavuş Novruzovun 2013-də xortlamış və sonra qeybə çəkilmiş “Milyarderlər İttifaqı”na ilin-günün bu vaxtında "ilişməsi" nəzərləri qarşıdakı parlament seçkilərinə yönəldirdi.

Cahan.info-nun əldə etdiyi məlumata görə, növbədənkənar parlament seçkiləri təyin ediləcəyi haqda proqnozlar səsləndiyi ərəfədə YAP funksioneri sensasion bəyanat verməklə hansısa yeni ssenarilərin hazırlanmasına eyham vurub.

Prezident seçkisi ərəfəsində Qüdrət Həsənquliyev və Yevda Abramov da Moskvanın yeni namizəd axtarışına çıxdığını iddia etmişdilər. Lakin Kremldən Bakıya heç bir siyasi təzyiq müşahidə olunmadı.

Parlament seçkilərinin yaxınlaşması dövründə S.Novruzovun oliqarxları xatırlatması isə müəyyən ehtimal və şübhələrə yol açır.

Ola bilsin ki, hakimiyyət kəşfiyyat məlumatlarına malikdir və növbəti seçkidə gizli oyunlar, planlar qurulması təxminləri var. Deputatın Rusiyadakı oliqarxları ölkədəki bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməkdə suçlaması olduqca ağır ittihamdır.

Beləcə gözlər müxalifətə dikilir. Daha əvvəl isə Abbas Abbasov və digərlərinin xaricdəki söyüş makinasına pul xərclədiyi iddiaları səslənmişdi.

Eləcə də 2013-də milyarderlərin fəaliyyəti, Abbas Abbasovun indiyə qədər düşmənçiliyi davam etdirməsi belə əsas yaradır ki, bu güclər indi də növbəti seçkini gözləyirlər. Milyonçular pulları müəyyən qruplaşmalara xərcləyirlər.

S.Novruzovun bu cür sərt ritorikada çıxışı maraq doğurur. Düzdür, bu çıxışı YAP-ın rəsmi mövqeyi kimi qiymətləndirmək tezdir. Üstəlik, azərbaycanlı varlıların Azərbaycan diasporasının fəaliyyəti üçün əməli iş görmədikləri barədə tənqidlər də yeni deyil.

İctimai müzakirələrdə bu adamların Azərbaycanın taleyüklü məsələlərində susqun mövqeyi, Qarabağ probleminin həllində heç bir iş görmədikləri daima tənqid olunur.

Deputatın 2013-cü il prezident seçkiləri ərəfəsi sabiq vitse-primyer Abbas Abbasovun rəhbərliyi altında Rusiyada yaşayan nüfuzlu azərbaycanlıların yaratdıqları Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqını (“Milyarderlər İttifaqı”) yada salması daha çox diqqət çəkir.

Həm də o səbəbdən ki, S.Novruzov fəaliyyətini çoxdan dayandırmış bir qurumda təmsil olunanları yenə ittiham edib. Deputatın konkret hansı “anti-Azərbaycan” qüvvələri dediyini konkretləşdirməyib.шаблоны для dle 11.2

Oxunub: 2 554






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23