“İlin deputatı” Cavid Qurbanovun fəhlə pulu və vaqon korrupsiyası

“İlin deputatı” Cavid Qurbanovun fəhlə pulu və vaqon korrupsiyası
“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanova məxsus “Azəryol Tikinti” MMC Ləki-Qəbələ dəmiryolunun tikintisində işlədilən fəhlələrin maaşını dörd aydır ki, vermir.

Bu barədə facebook-da məlumat yayan Fuad Hüseynovun sözlərinə görə,
50 nəfər fəhlənin şikayətinə baxan yoxdur. Onlar məsələ ilə bağlı yeni Ombudsman Səbinə Əliyevaya müraciət etməyə hazırlaşır.

“Azəryol Tikinti” MMC-nin rəhbəri Azər Hüseynov biz şikayətçilərə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə mən də sizə pul vermirəm. Azər Hüseynov Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.

Biz indi çıxılmaz vəziyyətdə qalmşıq.4 ay qul kimi işlədik ki, çörək-ərzaq maqazinlərinə olan borclarımızı verək halal zəhmətimizlə qazndığımız pulla ailəmizi dolandıraq.

Ancaq Cavid Qurbanovun yaxın adamı, ona məxsus Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov bizi aldadıb daha da yoxsul ac vəziyyətə saldı”-deyə şikayətçilər bildirib.

Vətəndaşları dövlətdən narazı salan, fəhlələrin haqqını verməyən C.Qurbanova bu hərəkət qətiyyən yaraşmır. Fəhlənin pulunu yemək və ailəsinə apardığı bir tikə çörəyi kəsmək nə insafdandır, nə dindən...

Prezidentin xəbərdarlıqları bəzi məmurlara deyəsən, batmır. C.Qurbanov anlamalıdır ki, daha köhnə əyyamlar deyil, insanlara zülm etmək islahatların əleyhinə iş aparmaqdır.

Üstəlik, bu günlərdə C.Qurbanovun “İlin deputatı” seçilməsi xəbərinin yanında fəhlələrin qul kimi işlədilib pulunun verilməməsi ikrah hissi doğurur.

Görəsən, millətin vəkili olan vətəndaşların maaşını niyə kəsir?

Elə əməkdar jurnalist Azər Həsrət də facebook-da C.Qurbanova ilişərək replika yazmışdı: “Deyirəm, məni dərd alıb ki, deputat seçilsəm, bir məsələ necə olacaq? Birdən oldum deputat, “Ən fəal” deputatı seçmək üçün sorğu keçirilsə, qalib gələ bilməyəcəyəm. Çünki məndə pul yox, para yox. "Ən fəal" adını qazanmamaq da bir dərd olacaq. Bəlkə heç deputat olmayım, hə?

Bu günlərdə baxıram ki, Cavid Qurbanovu ən fəal deputat seçiblər. A tövbə! Adam dəmiryolçudur, son günlər bəzi açılışlar edib, Prezidentin kampaniyasında nəzərə çarpıb. Amma parlamentdə nə edib, necə edib? Bu haqda harda nə var? Heç bir sorğusuz "Ən fəal" deputat Qənirə Paşayevadır!

Bütün ölkə tanıyır. Türk dünyası tanıyır. Hara getsə onlarla, yüzlərlə insan sadəcə onunla şəkil çəkdirmək üçün sıraya düzülür.

Üstəlik, MM-in bütün iclaslarında da çıxış edir. Cavid Qurbanov da belədirmi? Deyil, dostlar, deyil...”

Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Hətta “TOPAZ” mərc oyununa da girişib.

Araşdırmaçı jurnalist Hafiz Babalının “Baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi” araşdırmasında isə qeyd olunur ki, Cavid Qurbanovun biznesinin izi Gürcüstandan, Türkiyədən keçib Avropaya qədər gedir.

O, “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb və indi təxminən 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə ADY-nin bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb.

"Report”un yazdığına görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun keçmiş sovet ölkələri arasında lider olduğunu deyib:

"Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə birincidir”.

"Fakt Yoxla” Cavid Qurbanovun dediklərinin doğru olub-olmadığını yoxlayıb. Azərbaycan üzrə sərnişin qatarlarının hərəkət qrafikində ən çox geriləmə 4,9% olmaqla 2014-cü ildə qeydə alınıb.

2015-ci ildə bu qatarların yola çıxışında 2,2 %, yolda hərəkətində 0,6% və çatma qrafikində 6,4% geriləmə baş verib.

2019-cu ilin ilk doqquz ayı ərzində Şura üzvü olan dəmir yolu qurumları 12,4 mln. sərnişin daşıyıb. Amma bu göstəriciyə Ermənistan və Türkmənistan üzrə sərnişin daşımaları daxil deyil.

Bu il "ADY” QSC Şura qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Amma bu Azərbaycanın 1-ci yerdə oması mənasına gəlmir.

Misal üçün, bu il Azərbaycan üzrə yüklərin yüklənməsi göstəricisi 19,6%, Türkmənistan üzrə 37,6% olub. Hesabatda Azərbaycanın bu öhdəliyi yerinə yetirməkdə 8 % gerilədiyi qeyd olunur.

Bununla belə, Şura görülən işlərə dair reytinq açıqlamır. Ölkələr qarşısında qarşılıqlı razılaşma əsasında həyata keçirilən yükləmələr və daşımalarla bağlı öhdəliklər qoyulur və protokollarda dəmir yolu administrasiyalarının bu öhdəliklərə nə dərəcədə əməl etdiyi qeyd edilir. "Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Cavid Qurbanovun açıqlaması faktlarla manipulyasiyadır.

“Polşa və Rusiyanın 1,7 milyon dollara satın aldığı vaqonu Azərbaycan 15,2 milyon dollara alıb. Azərbaycanın 2 vaqona xərclədiyi pula Rusiya və ya Polşa 18 vaqon əldə edə bilərdi…” Bu fikirlər iqtisadçı alim Nemət Əliyevin “facebook” səhifəsindən paylaşdığı yazısında əks olunmuşdu.

Ekspertin yazısında daha sonra qeyd olunur: “Azərbaycan Dəmir Yollarının adının hallanmadığı qalmaqal qalmayıb.

Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb.

Kanadanın “Bombardier” şirkəti ilə korrupsiya əlaqələrinə girərək Dünya Bankının Azərbaycan Dəmir Yollarına ayırdığı milyonlarla maliyyə vəsaitinin qiymətləri süni şişirtmə yolu ilə “otkat” şəklində ələ keçirilməsinə dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş növbəti bir rüsvayçılığın da üstü açılıb:

2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmir Yolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. Vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur. Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq olmayıb.

DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib.

Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib).

Təsəvvür edirsinizmi, 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384 milyon dollar ödəniş edilib.

Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə 2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir.

Bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün deyil”. C.Qurbanov un həm deputat, həm QSC sədri kimi fəaliyyəti göz qabağındadır.шаблоны для dle 11.2

Oxunub: 11 352






E-mail: cahan.info@mail.ru