DİN tarixində ilk: Vilayət Eyvazov nələri dəyişdi? - Analiz

Vilayət Eyvazov nələri dəyişdi?
Daxili İşlər Nazirliyi (DİN) tarixində ilk dəfədir nazir vətəndaşla bu qədər yaxın ünsiyətdə olur, üz-üzə oturub onu dinləyir.

Məmurun bu cür davranışı vətəndaşın inamını artıran və gücləndirən məqamdır. Vətəndaş qəbuluna gedib vətəndaşdan 10 metr uzaqda dayanan bəzi məmurlara ibrət olmalıdır.

Ona görə nazir Vilayət Eyvazovun qəbula gələn vətəndaşla üzbəüz oturub onun müraciətini dinləməsi olduqca gözəl, təqdirəlayiq addımdır.

Əgər prezident xalqın içindədirsə, onlarla şəkil çəkdirirsə, deməli, nazirlər də nümunə götürməli, xalqı dinləməlidirlər. O baxımdan DİN rəhbərinin vətəndaşlarla yeni qəbul formatı bütün insanlar tərəfindən bəyənildi.

Hələ nazir müavini olarkən onun dəstəyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə aylığı, həftəliyi və ya günü kimi xüsusi tədbirlər qeyd olunub. Siyasi baxışlarından asılı olmayaraq, QHT-lərin tədbirlərində iştirak edib.

Xaricdə çətin vəziyyətdə olan, vətənə qayıtmaq imkanı olmayan neçə-neçə soydaşımızın Azərbaycana qayıtmasına, əcnəbilərin isə öz vətənlərinə qaytarılmasına təşəbbüs göstərən QHT-lərin fəaliyyətinə dəstək verib.

O, general olandan sonra davamlı olaraq öz üzərində işləyən, mütaliə edən və bir neçə xarici dil öyrənən məmurlardan biridir.

Vilayət Eyvazov Avropa təcrübəsini öyrənməklə daxili işlər orqanlarında yeni islahatın aparılmasına nail ola bilər və onun təşkilatçılıq qabiliyyəti buna imkan verir. Bunun üçün isə hər kəs əlindən gələni etməli, zərurət olanda ictimai müqavimətdən çəkinməli deyilik.

Ölkədə insan hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, vətəndaşalara qarşı törədilən qanunsuzluqların isə qarşısının alınmasına nail olmalıyıq.

Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir.

Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər?

Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur.

Təkzibedilməz faktdır ki, inkişaf edən dövlətlərdə asayiş keşikçlərinin daha nüfuzlu qüvvəyə çevrilməsi, qanunçuluğu daha etibarlı qoruması üçün yeni-yeni qanun və qərarlar qəbul edilir, islahatlar həyata keçirilir.

Hüquqi demokratik dövlətlərdə polisin xidmət səviyyəsinin təkmilləşməsi sosial sifarişdir və dövlət siyasətindən irəli gəlir.

Amma daxili təhlükəsizliyin sabit olduğu, kriminal durumun nəzarət altında olduğu cəmiyyətlərdə də, polis peşəsi çətin və şərəfli olaraq qalır.

Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”.

Məhz, polisimizin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır.

Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir.

Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır.

Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Xəyyam SALMANZADƏ
шаблоны для dle 11.2

Oxunub: 3 430






E-mail: cahan.info@mail.ru