Büdcəni talayanlar niyə həbs olunmur? – “Həqiqi hüquqi sistem olsaydı...”

Büdcəni talayanlar niyə həbs olunmur?
Ölkədə kiçik məmurlar rüşvət və korrupsiya faktına görə həbs edilsələr də, büdcə vəsaitlərini mənimsəyən sabiq yüksək vəzifəli məmurların əksəriyyəti cinayət məsuliyyətinə cəlb edilməyiblər. Maraqlıdır ki, hər gün onlar haqqında müxtəlif cinayət tərkibli faktlar ortaya qoyulur. Amma buna rəğmən hələ də azadlıqdadırlar.

Mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a danışarkən deyib ki, Azərbaycanda hüquqi nihilizm var, qanunlar işləmir:

“Hüquq mühafizə orqanlarının fəaliyyəti siyasi iradəyə tabe etdirilir. Ona görə də dövlət əleyhinə olan hətta aşkar cinayət faktları ilə bağlı işlər, hüquqi prosedurlar aparılmır. Bu da cinayətin siyasiləşməsi ilə əlaqəlidir. O yerdə ki, siyasi cinayətlər var, orda tədqiqatın aparılması siyasi iradədən, sifarişdən asılıdır. Bu baxımdan belə bir sifariş olmayınca kimsə siyasi xarakterli, dövlət, xalq əlyehinə iş aparsa da, cəzadan kənarda qalır.

Azərbaycan hüquq mühafizə orqanları küçədəki sadə vətəndaşları təqib edir. Amma faktiki olaraq dövlətin maraqlarına ziyan vuranları yalnız sifariş olduqda təqib edə bilir. Bu da göstərir ki, vurulan ziyanların özü də siyasi sifarişlə bağlıdır. Əslində, büdcəyə dəyən ziyan elə ziyan vuranın hesabına ödənilməlidir. Tutaq ki, Beynəlxalq Bankdan 7 milyard pul oğurlanmışdı, 5-10 nəfər həbs olundu. Oğurlanan pulların heç 10-da biri deyil, 100-də biri belə geri qayıtmadı.

Lakin Azərbaycanda həqiqi hüquqi sistem olsaydı, 7 milyard son qəpiyinə qədər o insanlardan alınıb, yenidən banka yığılmalı idi. Bu bir siyasi cinayət olduğuna görə formal olaraq bəzi adamlara cəza verildi, amma dövlətə dəyən ziyan ödənilmədi. Bu da digər hadisələr üçün bir nümunədir”.

Hüquqşünas Əsabəli Mustafayev qeyd edib ki, əgər sabiq nazirlər, məmurlar barədə əsaslı şübhələr varsa və araşdırılma aparılırsa, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar:

“Ancaq bu, istintaqın nəticəsində olmalıdır. Məsələn, ehtimallar, hər hansı gümanlar var ki, bunlar rüşvət alıblar, korrupsiya ilə məşğul olublar – hamısı hələki söz olaraq qalır. Bunu hüquqi müstəviyə çıxarmaq üçün araşdırma aparılmalıdır və məsuliyyət dərəcəsi müəyyən olunmalıdır.

Bəzən mətbuatda keçmiş nazirlər, məmurlar barədə konkret faktlar sadalanır. Onların mülkiyyəti, qazancına uyğun olmayan sərvətləri, biznesləri haqqında məlumatlar yayılır. Təəssüf ki, həmin faktların yoxlanması barədə cəmiyyətdə heç bir məlumat yoxdur. Belə hallara görə ümumiyyətlə ictimaiyyət korrupsiya ilə mübarizə iddialarına şübhə ilə yanaşır. Çünki nəticəsini görmür. Məsələn, bu qədər faktlar olduğu halda məmurların, nazirlərin heç biri məsuliyyətə cəlb olunmurlar”.

Ə.Mustafayev bildirib ki, belə hallar ölkədə olan ədalət , hüquq sisteminə inamı öldürür:

“İndi elan ediblər ki, məhkəmə hüquq sistemində islahatlar aparılır. Lakin korrupsionerlərin, əsaslı şübhə olan belə insanların məsuliyyətə cəlb olunmaması əlbəttə, islahatlara da ciddi şübhə yaradır. Ona görə hesab edirəm ki, hökumət hüquq sisteminə etibarı gücləndirməyə maraqlı olmalıdır.

Həmçinin sabiq nazirlərin, məmurların taladıqları büdcə vəsaitləridir və bunlar geri qaytarılmalıdır. Bu həm ictimaiyyətin, həm də hökumətin marağındadır.

Onlar haqqında tədbirlərin görülməsi digər məmurlar üçün dərs olacaq ki, büdcə vəsaitlərinin mənimsənilməsini tərgitsinlər. Təəssüf ki, dediyim kimi keçmiş yüksək vəzifəli şəxslərin, nazirlərin, onların müavinlərinin məsuliyyətə cəlb olunması haqqında fakt yoxdur.

Ancaq hansısa şöbə müdirləri, kiçik vəzifə sahibləri qurban olurlar, onlar haqqında hər hansı bir məsuliyyət tətbiq olunur. Qısa müddətdən sonra mətbuatdan oxuyuruq ki, həmin şəxslər də azadlığa çıxırlar. Bu, çox pis faktdır və ölkənin imicinə, elan olunmuş korrupsiya əleyhinə mübarizə tezisinə böyük zərər vurur”. (yenisabah.az)шаблоны для dle 11.2

Oxunub: 47






E-mail: cahan.info@mail.ru