Hadı Rəcəbli təhqirə keçdi: dilənçilər mənəviyyatsızdır yoxsa xalqın pulunu yeyənlər?

dilənçilər mənəviyyatsızdır yoxsa xalqın pulunu yeyənlər?
Deputat Hadı Rəcəblinin parlament fəaliyyətinin başa çatmasına uzağı 1 il qalıb. Amma ağsaqqal millət vəkili hələ də insanların əsəblərini tarıma çəkən müsahibələr verməkdədir. Onu danışdırmasalar daha yaxşıdır. Hər çıxışında yalanlar söyləyir.

Cahan.info-nun məlumatına görə,
bu günlərdə H.Rəcəbli növbəti müsahibəsini verib. Deputat bu dəfə hakimiyyətin siyasətini özü də bilmədən baltalayıb, ifşa etmiş olub.

(https://www.azerbaycan24.com/menim-qeder-imkansizlarin-qaygisina-qalan-var-seherden-axsama-isleyirem-hadi-recebli/?fbclid=IwAR0SZo8DSkiRGDG51Ye3cYAr24A7dlu7q1_ftT03mB5T-ck2toZMttytZ6U)

H.Rəcəbli dilənçilik edənləri aşağılayıb, mənəviyyatsız adlandırıb. Sitat: “ Maraqlanırsan, görürsən ki, bu dilənçi sən deyən ağır vəziyyətdə yaşamır. Ondan pis vəziyyətdə olanlar var, amma dilənçilik etmir, mənəviyyatı var”.

Əvvəla, H.Rəcəbli bilməlidir ki, kimsə kefindən dilənmir. Dilənən hər bir şəxs Azərbaycan vətəndaşıdır, seçicidir, bu dövlətin ona borcu var.

İkincisi, kiminsə dilənməkdən başqa çarəsi, əlacı qalmayıbsa ona mənəviyyatsız demək olmaz. Görünür ki, həmin adam işləmək qabiliyyətini itiriblər, yeməyə çörək tapmırlar.

Məsələn, bir neçə ay əvvəl kəlbəcərli şəhid anasının dilənməsi ilə bağlı mətbuatda fakt ortaya qoyulmuşdu. İndi H.Rəcəbli deyir ki, pis vəziyyətdə olanlar var, amma dilənçilik etmirlər, çünki mənəviyyatları var. Dilənən adamın mənəviyyatı yoxdurmu?

Xalqın pulunu mənimsəyən, özünə villalar, restoranlar tikənlər mənəviyyatlıdır yoxsa acından ölməsin, övladına bir tikə çörək aparsın deyə əl açanlar?

Azərbaycanın iqtisadi potensialı imkan verir ki, bir nəfər də dilənməsin. Amma Bakının küçələrində, eləcə də bölgələrdə hər addımbaşı qarşımıza dilənənlər çıxırlar. H.Rəcəbli söyləyə bilər ki, hansısa qaraçılar dilənməklə özlərinə ev-eşik qurublar.

Lakin bu, onların sənətidir, bütün dünyada qaraçılar arasında dilənçilər çoxdur. Ancaq Azərbaycanda qaraçı olmayan minlərlə dilənçi qarşımıza çıxır.

Onlar işlə təmin edilmirlər, xəstədirlər, pensiya, sosial yardım ala bilmirlər, evsiz-eşiksidirlər, hansı məmurun qapısına gediblərsə, qovulublar, problemlərinə baxılmayıb. Bu şəraitin yaranmasında günahı olanları tənqid etməkdənsə, deputat onlara mənəviyyatsız söyləyir.

İnsanlardan rüşvət alanlar, büdcəni talayanlar, vətəndaşı qapıdan qovan məmurlar yoxsa dilənçilər mənəviyyatsızdır?

Hansı deputatı araşdırırsan, biznesi, yaxşı şəraiti var. Haradan bu imkanı əldə ediblər? Niyə deputat da dilənçi kökündə yaşamır? Bir deputat yoxdur ki, maaşla dolansın. Hamısı özünə şərait qurub.

Cahan.info xəbər verir ki, H.Rəcəblinin müsahibəsində ikinci məqam insanlara dəstək olduğunu deməsidir.

“Parlamentdə mənim qədər imkansızlara dəstək verməyə çalışan, qayğıları ilə məşğul olan var? Səhər tezdən işə gəlib, axşam saat 19.00-da gedirəm”,-deyə Rəcəbli qeyd edir.

İlk növbədə həmkarlarını “vuran” deputatın fikrincə, onun qədər imkansızlara kömək edən millət vəkili yoxdur. Bu da “bişmiş toyuğun” gülməyi gəlir.
Hadı müəllim, hansı seçicinizə, hansı lənkəranlıya əl tutmusunuz, problemini həll etmisiniz? Ümumiyyətlə, nə vaxt seçicilərlə görüşmüsünüz? Lənkəranda bir sakin sizdən kömək görməyib.

Sonra deyirsiniz ki, mətbuat təhrif edir, yalan yazır. Axı özünüz düz danışmırsınız. Ağ və qırmızı yalanlarınız hamıda ikrah hissi doğurur.

Hər şey bir yana - Qənirə Paşayeva, Adil Əliyev kimi seçicisi, vətəndaşı ilə aktiv işləmirsiniz. Onların fəaliyyətinə, elədiklərinə baxın, öz işinizə nəzər yetirin. Hələ bu azmış kimi, müsahibəsində biznesinin olmasını inkar edir.

Sitat: “Yazırlar ki, Hadi Rəcəblinin 17 villası, 9 benzindoldurma məntəqəsi, 4 şadlıq evi, daha nəyi, nəyi var. Bu yazır, digərləri də bundan götürür, başqa biri yazır ki, Hadi Rəcəbli qənaətdən danışır, utanmır… Bu da bizim bəlamızdır, belə olmaz. Bu, tərbiyəsizlik, mənəviyyatsızlıq, şərəfsizlik, ləyaqətsizlikdir”.

Hadı müəllim, bir müsahibədə iki dəfə insanları təhqir etmisiniz və hər dəfəsində mənəviyyatdan danışırsınız.

Bəli, sizdə 17 villa, 9 benzindoldurma məntəqəsi, 4 şadlıq eviniz olmaya bilər. Hərgah, belə bir məlumat indiyə qədər mediada qarşımıza çıxmayıb.

Ancaq faktdır ki, Lənkəranda “Palıdlı sahil” istirahət mərkəzi sizindir, “Mayak”otel-restoranını almısınız və qardaşınızın nəzarətindədir. Ümumiyyətlə, həmin bina köhnə uşaq xəstəxanası idi, binanın özəlləşdirdiniz.

Bunu biz iddia etmirik, açın medianı, mətbuat yazıb, reallıqları ortaya qoyub, eləcə də lənkəranlılar bildirib. Gizlətmək mümkün deyil.

“Palıdlı sahil”in sizə məxsus olduğunu özünüz də təsdiqləmisiniz. Sağlığınıza qismət. Ancaq görəsən niyə deputatın biznesi var, amma kimlərsə küçədə dilənir?
Hadı müəllim, sözlərimizi pis qarşılamayın, müsahibədə dediklərinizə kontur arqumentlər təqdim edirik.

Sizsə biznesinizin olması barədə danışırsınız, yazanlara tərbiyəsiz, mənəviyyatsız, şərəfsiz, ləyaqətsiz deyirsiniz. Olmaz axı. Biznesiniz var, yazanları da təhqir edirsiniz.

Biz sizi çox istəyirik, hörmətli adamsınız, ancaq hər müsahibədə qalmaqal yaradırsınız, sonra insanları qınayırsınız ki, təhrif edirlər. Axı özünüz danışmısınız...

Bizsə hər bir deputata hörmət edirik və mövqeyinizi geniş şəkildə dərc etməyə hazırıq.шаблоны для dle 11.2

Oxunub: 5 168






E-mail: cahan.info@mail.ru