“Qızımı süpürgəçi də götürmədilər” - yataq xəstəsindən Sahil Babayevə - Video

“Qızımı süpürgəçi də götürmədilər” - yataq xəstəsindən Sahil Babayevə
Ölkə yüzlərlə xəstə, imkansız, səfalət içində yaşayan insanlar var. Dövlət rəhbərliyinin onların hamısına eyni anda kömək etmək imkanı olmur.

Gərək məmurlar, yerli icra aparatı rəhbərləri dəstək olsunlar. Amma icra başçılarının, deputatların laqeydliyi həmin vətəndaşları Allah ümidinə buraxıb.

Salmanzadə TV onlardan birinin evindən süjet hazırlayıb. Bərdənin Ərəblər kənd sakini Güllü Musayeva üç ildir yataq xəstəsidir.

O, bel yırtığından əziyyət çəkir, ayağa qalxa bilmir, qızı əlindən tutub ayaqyoluna aparır, sonra yatağa gətirir.

G.Musayeva pensiya da almır ki, dava-dərmanına xərcləsin. Evdə işləyən yeganə adam oğludur və onun aldığı 150 manat heç dərmana çatmır.

Güllü xanım video reportajda göstərir ki, ayaqlarında yaralar çıxıb: “Yoldaşım 5 ildir rəhmətə gedib, heç yerdən köməyimiz yoxdur.

Qızım icra hakimiyyətinə getdi, dedilər süpürgəçiliyə götürəcəkər. Amma keçən aydan bəri xəbər yoxdur. Onun da 13-14 yaşında uşağı var, imkansızlıqdan məktəbə getmir.

Dükandan nisyə alıb yeyirik. Qızıma ayda 60 manat aliment verilir, 150 manat da oğlumun qazancıdır, vəssalam, gəl indi yaşa.

Bizə nə sosial yardım verilir, nə pensiya alıram. Mənim müalicəm Türkiyədədir, buna da pulumuz yoxdur”.

G.Musayeva prezidentdən, Mehriban Əliyevadan, səhiyyə nazirindən, əmək və əhalinin sosial müdafiəsi nazirindən kömək istəyib.

Onun sözlərinə görə, cənab nazir Sahil Babayev sosial yardımın və xəstəlik pensiyanın ayrılmasına göstəriş versə, ailə yoxsul vəziyyətdən çıxar:

“Mən cənab nazir Oqtay Şirəliyevə də üz tuturam, müalicəmə yardım göstərilsin. Bizim ən böyük ümid yerimiz prezidentimiz və Mehriban xanımdır.

Pulsuzluqdan nəvəm məktəbə getmir, oğlumun qazancı qəpik-quruşdur, heç nəyə çatmır. Yalvarıram, imkanlı şəxslər əl tutsunlar…”

G.Musayevanın 3 ildir yataq xəstəsi olması o deməkdir ki, ona pensiya düşür. Üstəlik, onların torpağının olmasını bəhanə edib sosial yardım ayırmaqdan imtina ediblər. Hərçənd ki, torpaq olsa da əkib-becərməyə imkan yoxdur. Əgər nazirlik və icra hakimiyyəti kömək göstərsə, kənd təsərrüfatı idarəsi yardım eləsə G.Musayevanın oğlu evə çörək gətirər.

Doğrudan da ürək ağrıdan bir mənzərədir. Bu mənzərəni isə Bərdənin icra hakimiyyəti seyr etməkdədir, sanki seyrangaha tamaşa edirlər.

Əslində, onlarla belə çarəsiz insanların müraciətlərini təqdim eləmişik, Bərdə icra başçısı Vidadi İsayevdən köməklik istəmişik. Amma Bərdə rayonunda bir adama dəstək olmayıb.

İnandırıcı deyil ki, G.Musayevaya da sahib çıxacaq.

Onun qızına süpürgəçilik işi verməyən bir məmurdan nə gözləyəsən...

шаблоны для dle 11.2

Oxunub: 738






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23