General Abdiyevin bacısı oğlu dindirildi, general Qədiməliyev isə suallara cavab verə bilmədi - TƏFƏRRÜAT

General Abdiyevin bacısı oğlu dindirildi, general Qədiməliyev isə suallara cavab verə bilmədi
Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, “Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimlan tədbiri seçilib) və Fərman Məmmədlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında şahid qismində Sultan Süleymanov ifadə verib. O, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor işlədiyini, bu hadisələrdən sonra da işdən çıxarıldığını deyib.

S.Süleymanov qeyd edib ki, işi anbarda qaimə ilə çıxarılan malların sayına nəzarət etmək olub. Söyləyib ki, hadisələrdən təxminən bir ay əvvəl postu dəyişilib və həmin işi icra etməyə başlayıb. Suallara cavab verən S.Süleymanov qeyd edib ki, idarənin rəisi, general Sadiq Abdiyevin göstərişi ilə iş yeri dəyişdirilib. Daha sonra S.Süleymanova həbs edilən Fərman Məmmədlinin vəkili Gülşən Salmanova sual verib. Vəkil soruşub ki, 30 aprel tarixində anbardan çıxarılan mallar sayılıb, gömrük nəzarətindən keçirilibmi?

S.Süleymanov bunun səaliyyətlərinə daxil olmadığını deyib: "Mallar anbara, bizə çatana qədər bütün gömrük prosedurlarından keçirdi. Biz sadəcə malları qaimədə olan saya uyğun olaraq anbardan çıxarılmasını nəzarət edirdik".

Məhkəmədə məlum olub ki, S.Süleymanovun istintaqa verdiyi ifadəsində ziddiyyət var. Ziddiyyət bundan ibarətdir ki, S.Süleymanov həmin ifadəsində Sadiq Abdiyevin göstərişi ilə skanlaşdırma şöbəsində işə başladığını deyib. Məhkəmədə isə sadəcə anbarda malların çıxışına nəzarət etdiyini deyib.

Fərman Məmmədlinin digər vəkili Rəşad Mirmehdizadə şahidə belə bir sualı olub: "Siz kapitan rütbəsində niyə məhz həmin vəzifəni icra edirdiniz? Bu aşağı vəzifə idi"

S.Süleymanov suala belə cavab verib: "İdarə rəisi belə məsləhət görmüşdü".

Vəkil növbəti sualında Süleymanovdan general Sadiq Abdiyevlə qohumluğunun olub-olmadığını soruşub. S.Süleymanov deyib ki, general Sadiq Abdiyev onun dayısıdır.

Prosesin davamında Fərman Məmmədlinin vəkili Rəşad Mirmehdizadə general Qədiməliyevə olan suallarını məhkəməyə təqdim edib. Bildirək ki, general Qədiməliyev məhkəmədə həm ifadə verməkdən, həm də suallara cavab verməkdən imtina edib. Buna görə də vəkil Rəşad Mirmehdizadə suallarını məhkəmədə elan edib ki, protokolda qeyd edilsin.

Generala ünvanlanan həmin suallar aşağıdakılardır:

Gömrük Hospitalında olan qara mühasibatlıqdan xəbəriniz var idimi? Həmin qara mühasibatlığı kim, nə məqsədlə yaratmışdı? Sizin aylıq maaşınız nə qədər idi və həmin məbləği kim müəyyən etmişdi? Vəsait hardan ayrılırdı? Gömrük Hospitalında aparılan baxış zamanı nüəyyən edilən sənədlərdə xəstələrin siyahısının qarşısına minus və plyus işarələri qoyulduğu müəyyən edilib. Plyus və minus olan siyahılar ayrı-ayrı otaqlarda idi? Bunu mecə izah edə bilərsiniz? Məhkəmədə də məlum oldu ki, hospitalda həkim olmayan işçilər paket alırmış. Həmin pullar hansı vəsaitdən verilirdi? Rəsmi maaş və paketlərin verilməsi üçün bağlanan müqavilələrdə sizin imzalarınız var. Necə izah edə bilərsiniz?

Vəkil Gülşən Salmanova bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edib. Bildirib ki, bəzi həkimlərlə ayrı-ayrı 3 müqavilə belə, bağlanıb. Müdafiəçi Rəşad Mirmehdizadə sullarına davam edib:

Hospital üçün tibbi avadanlıqlar alınmasında sizin imzanız var. Nə edə bilərsiniz? Hopitalın bəzi avadanlıqları qohumlarınıza verilib. Bunun səbəbi nədir? Telefon danışığı var ki, siz digər təqsirləndirilən Cəmil Mehtiyevlə danışandan sonra hospitala gələn mallar gömrükdən buraxılıb. Bunu necə izah edə bilərsiniz? İstintaqdakı ifadənizdə göstəribsiniz ki, ayrı-ayrı əməkdaşlara yardım məqsədi ilə pul berilib. Maşınını düzəltmək üçün bir işçiyə, uşağının müalicəsinə görə başqa bir işçiyə... Bu pullar haradan alınırdı. Məhkəmədə ifadə verən bütün işçiləriniz hospitalda bütün proseslərin sizin nəzarətinizdə olduğunu deyirdi. Bu barədə nə deyə bilərsiniz? Həkimlərə verilən faizlər, onlara edilən ödənişlər hardan alınırdı? İfadənizdə Tükiyədən gələn həkimlərə 15 min avro maaş verdiyinizi deyibsiniz. Hardan əldə edilib bu vəssəit? Qan donorlarına 50 manat verildiyini bildiribsiniz. Bu pullar haradan ayrılıb? İfadənizdə hospitalda pulunu itirən xəstəyə 600 manatı ödədyinizi bildiribsiniz. Bu puli haradan aldınız? Hospitalın 5-ci mərtəbəsində olan pianino hansı vəsaitlə alınıb? Hospitala bağlı ola qadın sağlamlıq mərkəzinə 600 min manat pul xərclədiyinizi demisiniz? Hardan alınıb bu pul? Hospitalda xəstə qəbulu təşkilatı olub. Həmin təşkilatın biri sizin adınıza olub. Sizin qohumlar pulsuz müalicə olunub. Necə izah edə bilərsiniz? Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abdiyevlə tanışlığınız və əlaqəniz necədir? Hospitala gətirilən dərmanların üzərinə pampers yığılıb, adları dəyişdirilib. Bundan xəbəriniz olubmu? Hospitalda Sadiq Abdiyevin qohumlarına pulsuz tibbi xidmət niyə göstərilib? Mənimsənildiyi deyilən 15 milyonluq ittihamla razısınızmı? Fərman Məmmədli sizin göstərişlərinizi yerinə yetirdiyini, pulu sizə verdiyin deyir. Bütün sənədləşdirmə işinə sizin nəzarət etdiyinizi digər işçiləriniz də deyir. Siz nə deyə bilərsiniz?

Vəkil Rəşad Mirmehdizadə hakimdən söz istəyib və prokurorlara etiraz etdiyini bildirib.

Vəkil qeyd edib ki, 15 milyonluq mənimsəmə ittihamı general Fikrət Qədiməliyevə və onun müavini Fərman Məmmədliyə verilib. Amma bu ittihamla bağlı bütün suallara onların müdafiə eydiyi şəxs- Fərman Məmmədliyə verildi: "Prokurorlar bircə dəfə də olsun, Fikrət Məmmədəliyevə bu barədə sual vermədilər. Düşünürəm ki, prokurorla sanki nədənsə çəkinir".

Vəkil Gülşən Slamanova da məhkəmədən söz istəyib. O, təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini istəyib: "Çünki hospitaldakı digər xərclər nəzərə alınmayıb. Fərman Məmmədli və Fikrət Qədiməliyevin rəsmi maaşdan əlavə aldıqları məvacib nəzəarə alınmayıb. Həmçinin bəzi işçilərə də paket verilib. Təkcə maaşlara 6 milyon pul ayırlıb. Həmçinin təmir və tikinti işlərinə, əlavə xərclərə də vəsait ayrılıb. Ancaq bu məbləğlər ümumi məbləğdən çıxılmayıb. Buna görə də təkrar ekspertizaya ehtiyac var".

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan olunub. Sənədlərin tədqiqi mərhələsində hakim bəzi sənədləri elan edib.

Elan olunan sənədlərdən məlum olub ki, general Fikrət Qədiməliyevin və müavini Fərman Məmmədlinin hərəsinin 4.5 milyonluq əmlakına həbs qoyulub.

Xatırladaq ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Musavat.comшаблоны для dle 11.2

Oxunub: 297






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23