Media məmur artıqlarından necə təmizlənsin?

Media məmur artıqlarından necə təmizlənsin?
Uşaqlar dünyaya tamamilə qorxusuz gəlirlər. Onlarda bu hiss sonradan formalaşır. Əlləri isti bir əşyaya dəyəndə əlləri, dili isti çaya toxunduqda dili yanır və qorxu hissi yaranır. Əgər bir möcüzə baş verməsə, bu hiss ömrünün sonuna kimi onu təqib edir.

Düz bir il əvvəl – 2019-cu ilin 25 yanvarında “Yeni Sabah” da “dünyaya göz açdı” və ilk addımlarını atdı. Bu müddətdə təbii ki, saysız hesabsız əl yanmalar da oldu, dil yanmalar da. Bəzən ayağımıza, bəzən də gözümüzə tikanlar batdı. Səbrli olub təkcə öz yaramızı sağaltmaq deyil, həm də növbəti addımımızı atmaq haqda düşündük. Qorxu hissini özümüzə yaxın buraxa bilməzdik. Bu səbəbdəndir ki, bildiyimiz deyil, bilmədiyimiz yolla getdik bu bir ildə. Sürpriz və problemlərlə bol olan bir il.

Elə ilk günlərdən vəd etdiyimiz kimi hədəf kütləmiz olan oxucularla işləmək ənənəsini yarada bildik. Bu gün saytımızda olan xəbərlərin bir çoxu məhz oxucularımızdan daxil olur. Təkcə xəbər deyil, həm də ayrı-ayrı vətəndaşların problemlərinə hər zaman yer verməyə çalışırıq. Bundan sonra da bu ənənəni saxlayacağıq.

Bu qısa müddətdə bizim xeyli sayda etdiyimiz yanlışlıqlar və etmədiyimiz doğrular da oldu. Bu yanlışlıqların hər biri bizim üçün böyük dərs idi. Və biz etdiyimiz səhvlərin üzərində səhv olduğunu bilə-bilə israr etmək deyil, onu dərhal düzəldə bilmək yolunu tutduq. Edə bilmədiyimiz doğrular da var ki, onlar üçün bu gün də çalışmaqdayıq.

Bu, əslində oxucularımıza bir təşəkkür yazısıdır. Bizim dəyərimiz və var olma səbəbimiz onlardır. Bu bir ildə bir dəfə olsa belə, kompüter və ya ağıllı telefonunda yenisabah.az yazıb saytımıza baxan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Onların hamısını 1 yaş münasibəti ilə təbrik edirəm. Bununla bərabər daha faydalı olmaq üçün (həm oxuculara, həm də ümumilikdə media cameəsinə) hər zaman əməkdaşlıq etməyin çox vacib olduğunu düşünürəm. Oxucu – media əməkdaşlığı inkişafın mühüm faktorudur. Redaksiya ilə əlaqə telefonları, whatsapp nömrəsi, sosial şəbəkə səhifələri vasitəsi ilə hər kəs əlaqə saxlaya bilər. Oxucuları dinləmək bizim zövq aldığımız bir işdir. İstər xəbər, istər problem, istər irad və ya tənqid... Fərq etməz.

Bir az da ölkədə medianın ümumu durumu haqda. Son bir ildə media sahəsində dəyişikliklərin başlanğıcını gördük. Amma hələ proses başa çatmayıb. Çoxları üçün cavabı olmayan suallar var. Hansı ki, o sualların cavabını ölkədə medianın vəziyyətinə cavabdeh olan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası və yaxud Mətbuat Şurası da cavab verə bilməz. Çünki bu vaxta qədər onlar tərəfindən verilən cavablar da öz düşüncələrinin məhsulu olmayıb. Konspekt isə hələlik yoxdur.

Bu qurumların hər ikisinin “ölü” bir təşkilat olduğu göz qabağındadır. KİVDF haqda mediada və sosial şəbəkələrdə kifayət qədər danışılıb və bu haqda uzun fikir bildirməyə ehtiyac yoxdur. Sadəcə bir amili demək lazımdır. Son 10 ildə fond yazı müsabiqələrinə külli miqdarda pul xərcləyib. Müsabiqələr guya o məqsədlə keçirilir ki, həm həmin mövzuya ictimai diqqət yönəlsin, həm də bu sahədə ən yaxşı yazanlar müəyyən olunub qiymətləndirilsin. Amma əgər redaksiyalar üzrə qaliblər növbəlilik üzrə müəyyən olunursa, burada hansı inkişafdan danışmaq olar? Və yaxud tutaq ki, “Binəqədi rayonunun sosial – iqtisadi inkişafı” mövzusunda elan edilən müsabiqə medianın inkişafına hansı təkanı verə bilər?

Mətbuat Şurasına gəldikdə, bu gün Azərbaycan mediası sözün əsl mənasında bu şuranın güzgüdəki əksidir: səlahiyyəti olmayan, dişsiz, duzsuz və dadsız. Məncə MŞ rəhbərliyi öz vəzifə səlahiyyətinin nədən ibarət olmasını həqiqətən də anlamır. Uzun illərdir ki, reket siyahıları ilə manipuliyasiya edib “biz də varıq” görüntüsü yaratmaqla həyata tutunublar. Bu bir ildə Şuradan bir nəfər olsun belə “Yeni Sabah”la əlaqə saxlayaraq yeni yaranmış media olaraq hər-hansı problemimizin olub-olmaması ilə maraqlanmayıblar. Baxmayaraq ki, yeni saytdır, amma ölkədə yaxşı oxunan 10-15 saytdan biridir. Axı ölkədə mövcud olan media qurumlarının problemləri ilə maraqlanmaq bu Şuranın həm də əsas vəzifələrindən biridir. Bir dəfə də olsun maraqlanan olmayıb. Rəhbərindən tutmuş, adi əməkdaşına kimi. Onları başqa şey maraqlandırır. Nə? Deyim.

Bu bir ildə şuranın üzvlərinidən əksəriyyəti redaksiya ilə əlaqə saxlayıb. Amma başqa “vəzifə” borcları üçün. Biri “Yeni Sabah”da hansısa həmkəndlisi haqqında getmiş xəbərin çıxarılması, başqası sinif yoldaşı olan professorun tənqidi haqda materialın silinməsi üçün. Başqa biri deputatın, o biri hansısa icra başçısının müdafiəsi məqsədi ilə əlaqə saxlayır. Başqası isə çörəyini yediyi məmurun çörəyini az qala gözümüzə soxur ki, bəs müəllim haqda belə xəbər vermək olmaz.

Azərbaycanda media üçün yeni bir mərhələnin başlandığı göz önündədir. Belə bir məqamda mətbuatın inkişafına cavabdeh olan bu qurumların da məmur artıqlarından təmizlənməsi şərtdir. Bəzən ən yaxşı binanı tikmək üçün köhnə binanı tam yıxmaq lazım gəlir. Köhnə binadan bir kərpic belə qalmadan. O istismar müddəti qurtarmış bir kərpic yeni binanı da yıxa bilər.

Ümid edirik ki, yaxın zamanda Azərbaycanda güclü media mühiti formalaşacaq və bu prosesdə “Yeni Sabah” da əhəmiyyətli rol oynayacaq.шаблоны для dle 11.2

Oxunub: 404






E-mail: cahan.info@mail.ru