Tanınmış vəkil kupça qalmaqallarından danışdı - qızıl kimi məsləhətlər

Tanınmış vəkil kupça qalmaqallarından danışdı
Əkrəm Həsənov: “Vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestrinə etibar edərək əqd bağlayırsa, onun bağladığı əqd etibarlıdır”

Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığını notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları sıradan bir məsələdir. Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir. Belə hallarda məhkəmələrin mövqeyi də qanundan uzaq olur. Bilə-bilə ki, vətəndaş vicdanlı alıcıdır, əleyhinə qərar verir, əmlakı əlindən alırlar.

“Bu şəhərdə”nin ssenaristi və prodüseri Müşfiq Abbasovun başına gələnlər də bu qəbildən hadisədir. Müşfiq Abbasov 2013-cü ildə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Sənhan qızı Həsənovaya145 min dollar ödəyərək ev alıb. Həmin evdə 6 il yaşayıb və günlərin birində məhkəmədən çağırış alıb. Məhkəmədə Müşfiq Abbasova deyiblər ki, aldığı evin kupçası saxtadır. Həngamə də bundan sonra başlayıb. Müşfiq Abbasov deyib ki, vicdanlı alıcıdır, üstəlik alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) həmin sənədə əsasən ona çıxarış verib.

Hakim Xəyalə Cəmilova isə bu izahatla razılaşmayıb, qərar verib ki, Müşfiq Abbasov evi Gülrux Həsənovanın xalası Mehribana qaytarmalıdır. Bundan sonra isə Gülrux Həsənovadan pulunu istəməlidir.

Azərbaycan vətəndaşı əmlak alarkən necə etməlidir ki, belə çıxılmaz duruma düşməsin?

Vətəndaşlar əmlak alqı-satqı proseslərini rəsmiləşdirərkən nələrə diqqət etməlidirlər?

Tanınmış vəkil Əkrəm Həsənov deyir ki, əmlak əldə edilərkən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış - kupçaya diqqət etməldirlər: “Çıxarışla mülkiyyətçinin kim olduğu aydınlaşdırılmalıdır. Notarius da alqı-satqını rəsmiləşdirərkən çıxarışa baxır. Alqı-satqı müqaviləsi bağlanırsa və satıcı çıxarış üzrə şəxsdirsə, alıcı vicdanlı şəxs hesab olunur. Amma alqı-satqı zamanı müəyyən olunmalı məsələlər var. Evi satan nikahdadırmı? Nikahdadırsa, müəyyən olunmalıdır ki, satılan ev birgə nikah dövründə alınıb? Belədirsə, əmlak nikah dövründə əvəzli olaraq əldə edilibsə, yəni bağışlanmayıb, vərəsəlik qaydasında gəlməyib, bu halda həyat yoldaşının razılığı tələb olunur. Belə razılıq alınmayıbsa, əlbəttə ki, həyat yoldaşı məhkəməyə üz tuta bilər. Amma Müşfiq bəyin işində bildiyim qədər durum fərqlidir. Söhbət mənzildə qeydiyyatda olanlardan gedirsə, onların razılığı həlledici deyil. Çünki bu şəxslər mülkiyyətçi deyillər. Söhbət başqa haldan gedirsə, Müşfiq bəyə və kiməsə mənzili, evi satan əslində qanunsuz yolla mülkiyyət hüququnu əldə edibsə, bu halda məsələnin alıcıya aidiyyəti yoxdur. Alıcı bunu bilməyibsə, bilə bilməzdisə, onun heç bir məsuliyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müddəa var, Daşınmaz Əmlakın Dövlət Reyestrinin mötəbərliyi prezumpsiyası adlanır. Yəni hər bir vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestrinə etibar edərək əqd bağlayırsa, bu zaman o, reyestrdəki məlumatın yanlış olduğunu bilmirsə, onun bağladığı əqd etibarlıdır”.

Əkrəm Həsənov deyir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla alınan əmlakın illər sonra alıcının əlindən alınması qanunsuzdur: “Həmin çıxarışı əldə edən qanunsuzluqla bu sənədi əldə etmiş olubsa belə, bunun vicdanlı alıcıya heç bir formada dəxli yoxdur. Həmin çıxarışın alınması üçün edilən saxtakarlıqla kimə qarşı haqsızlıq, qanunsuzluq olubsa, həmin şəxs evi pulunu verib alan şəxsdən tələb edə bilməz. Həmin şəxs məcburdur ki, ona vurulan zərəri qanunsuzluq edən şəxsən alsın. Buna görə də vətəndaşlarımıza tövsiyəm budur ki, ev, mənzil, əmlak alanda kupçanı görürlər ki, filankəsin adınadır, yalnız 1 məsələni dəqiqləşdirsinlər. Həmin şəxsi nikahdadır, ya yox? Nikahdadırsa, əmlakın nə vaxt alınması dəqiqləşdirilməlidir. Birgə nikah dövründə alınıbsa, həyat yoldaşının razılığı olmalıdır. Qalan məsələlər isə alıcını maraqlandırmamalıdır”.

Əkrəm Həsənov deyir ki, qeyd olunan məsələlərə diqqət edib əməl edən alıcını məhkəmə vicdanlı saymalıdır: “Qanunun tələbi belədir. Məhkəmə birmənalı olaraq vicdanlı alıcının xeyrinə qərar verməlidir. Çox təəssüf ki, bizlər qanunla bir araya sığmayan qərarların da şahidi oluruq”.

Əkrəm Həsənov deyir ki, əks misallar da var: “Bu yaxınlarda ”Jasmin" ticarət mərkəzində “Xalqbank”la sahibkarların arasında mübahisə yaranmışdı. Sahibkarla, “Jasmin” ticarət mərkəzindən qeyri-yaşayış sahəsi əldə ediblər. Mərkəzdə tikinti başa çatmadığından sahibkarlar qeyri-yaşayış sahələrini müqavilə əsasında alıblar. Mərkəzi tikən şirkət sonradan gedib kupça alıb və “Xalqbank”dan 17 milyon dollar kredit alır. Mərkəzi də “Xalqbank”a girov qoyur. Halbuki həmin mərkəzi banka girov qoyana qədər hissə-hissə sahibkarlara satıblar. “Xalqbank” məhkəməyə müraciət edib və mərkəzin bankın əmlakı hesab edilməsi tələbini udub. Bu halda “Xalqbank” deyə bilər ki, mən vicdanlıyam. Deyə bilərlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində əmlakın sahibi kimi filan şirkətin adı göstərilib. Deyə bilərlər ki, haradan bilərdik ki, orada digər şəxslər də var. Amma “Xalqbank”ı burada vicdanlı alıcı hesab etmək düzgün deyil. Ona görə ki, “Xalqbank” adi şəxs deyil ki, binanı girov götürüb. Bank qanunvericiliyinə görə, bank şəxsə kredit verəndə onun maliyyə sənədlərinə baxmalı idi. Bu, qanunun tələbidir. Vicdanlıdırsa, maliyyə sənədlərinə baxanda görəcəkdi ki, bu şirkətin pulu yoxdur. Sual çıxacaqdı ki, sən nəyin hesabına tikinti aparmısan. Aydın olacaqdı ki, mərkəzin tikintisi ərazisi satılmaqla tikilib. İkincisi, bank qanunvericiliyinə görə ən azı 2 ildə bir dəfə orada yoxlama aparılmalı idi. Yoxlamanın nəticəsində hesabat yazılmalı, qiymətləndirmə aparılmalı idi. Ən nəhayət “Xalqbank” mərkəzi girov götürüb 17 milyon kredit verərkən ora baxış keçirməli idi. Onda da məlum olacaqdı ki, mərkəzin ərazisində təmir olunmuş obyektlər var, bəzilərində artıq vergi kodu almış sahibkarlar fəaliyyət göstərirlər. Bunu görməmək mümkün deyil. Belə halda bankı vicdanlı alıcı hesab etmək olmaz".

Əkrəm Həsənov deyir ki, Azərbaycan məhkəmələrində bu məsələlərə diqqət olunmalı, notariuslarda alqı-satqıların qanuni şəkildə aparılması təmin edilməlidir.шаблоны для dle 11.2

Oxunub: 197






E-mail: cahan.info@mail.ru