23 dekabrda exit-poll olmayacaq, 9 fevralda isə...

23 dekabrda exit-poll olmayacaq, 9 fevralda isə...
Müxalifət mənsublarının exit-polldan gözləntiləri; “Bu iş yenə ELS adlı təşkilata həvalə ediləcəksə...”

Bələdiyyə seçkilərinə bir həftə qaldı. 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi dünən başa çatıb.

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 3.1-ci bəndinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanmasını təmin etməlidir. Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət dekabrın 16-dək olan dövrü əhatə edirdi.\

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar exit-poll keçirilməyəcək. Mərkəzi Seçki Komissiyasına (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, exit-poll keçirmək üçün MSK-ya müraciət daxil olmayıb.

Ş. Əsədli deyib ki, adətən, yerli seçkilərdə exit-poll keçirmək geniş yayılmış praktika deyil.

Qeyd edək ki, Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə və “Azərbaycan Respublikasında seçkilərdə exit-poll keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün MSK-ya səsvermə gününə ən azı 20 gün qalanadək, yəni dekabrın 3-dək sənədlərini təqdim etməli idi. MSK isə səsvermə gününə ən azı 10 gün qalanadək, yəni dekabrın 13-dək bələdiyyə seçkiləri ilə əlaqədar exit-poll keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməli idi.

9 fevrala təyin edilmiş növbədən kənar parlament seçkilərində isə exit-poll keçiriləcəyi gözlənilir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi exit-poll keçirmək üçün hazırlıqlara başlayıb. Başqa qurumların da seçkilərdə exit-poll keçirəcəyi istisna deyil.

Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən başlayaraq, bütün seçkilərdə exit-poll keçirib. Seçkilərdə exit-poll keçirmək üzrə ixtisaslaşan bu qurumun keçirdiyi exit-pollun nəticələri Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə daha çox uyğun gələn nəticələr olub. Ona görə də müxalifət bu qurumun keçirdiyi exit-polla etimad göstərmədiyini bəyan edib.

Bəs exit-poll keçirilməsi seçkilərdə nə dərəcədə əhəmiyyətli və vacibdir? Exit-pollu hansı təşkilatın keçirməsinin ciddi önəmi varmı?

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, əslində bütün normal dövlətlərdə seçkilər zamanı bu və ya digər formalarda paralel sayım, yəni exit-poll keçirilir: “Bu, keçirilən seçkilərin nə qədər ədalətli və şəffaf olduğunun bir göstəricisi rolunu da oynayır bir çox hallarda. Azərbaycanda ilk exit-poll 2005-ci ildə parlament seçkilərində müxalifətin təkidi ilə qanuna salındı və keçirildi. Hələ o zamandan aydın oldu ki, Azərbaycan seçicisi bu metodu tam mənimsəmədi və paralel sayıma etimad göstərmədi. Belə ki, sadə vətəndaşlar bu metodu özlərinə bir təzyiq kimi qəbul etdilər. Bir anlıq düşünün, hansısa dövlət orqanında işləyən bir vətəndaş seçki məntəqəsinə gəlir və hansısa müxalifət nümayəndəsinə səs verir. Bundan sonra o məntəqəni tərk etmək istəyərkən qapıda ona tanımadığı iki şəxs yaxınlaşır, exit-poll keçirdiklərini və kimə səs verdiyini soruşurlar. Sizcə, həmin dövlət işçisi səmimi şəkildə kimə səs verdiyini onlara deyərmi? Təbii ki, yox. Məntəqənin çıxışında belə bir sorğunun keçirildiyini bilən vətəndaş nə qədər rahatlıqla müxalifətə səs verə bilər? Dediklərimi nəzərə alsaq, görərik ki, bu metod hələlik Azərbaycanda əks effekt verir. Odur ki, mən düşünürəm bu metodun tətbiqi Azərbaycanda keçirilən seçkilərə heç bir formada müsbət təsir göstərmir. Yəni hazırda Azərbaycanda nə qədər ki, seçicilər bu metodu mənimsəməyib, exit-pollu kimin və necə keçirməyinin heç bir mənası yoxdur”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinə maraq yoxdur. Cəmiyyətin özü də, siyasi düşərgələr də daha çox 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə fokuslanıb: “Bələdiyyə seçkilərində exit-poll keçirilməsinə marağın yoxluğu da buradan qaynaqlanır. Bələdiyyələrə marağın və diqqətin olmamasının bir sıra səbəbləri var. Bələdiyyələrə bir seçkili qurumlar kimi özünü müsbət mənada tanıtmasına imkan verilmədi. Ona görə hökumət də bələdiyyə seçkilərinə başdansovdu yanaşır, exit-poll keçiriliməsinə və beynəlxalq müşahidəçilərin dəvət edilməsinə həvəs göstərmir. Növbədənkənar parlament seçkilərində də yenidən ELS adlı təşkilata exit-poll keçirmək həvalə ediləcəksə, bu, o deməkdir ki, bu seçkilər də əvvəlkilərdən fərqlənməyəcək. Maraqlıdır ki, ELS-in keçirdiyi exit-pollun səsvermənin nəticələri ilə Dairə Seçki Komissiyalarının nəticələri demək olar ki, tam üst-üstə düşür. Ona görə də formal olaraq exit-poll keçirir desəm, yanılmaram. Bu şəkildə exit-pollun rəy sorğuları da əksər hallarda ciddi əhəmiyyət daşımır və qeyri-obyektiv olur”.шаблоны для dle 11.2

Oxunub: 165






E-mail: cahan.info@mail.ru