Kremlin İrəvan üçün 2 “qırmızı xətt”i - biri Qarabağ...

Kremlin İrəvan üçün 2 “qırmızı xətt”i - biri Qarabağ...
Paşinyan müəllimi Levon Ter-Petrosyanın aqibətinə tuş gələ bilər; erməni baş nazirin əlinin üstündə Qərbin “gizli əli” varmı? Moskva Bakının hərbi əməliyyatlarına göz yuma bilər, əgər...

Ermənistan rəsmiləri, məxsusən “məxməri” baş nazir Nikol Paşinyan nə qədər bəyan etsələr də ki, Rusiya ilə münasibətlər qaydaya düşüb və yüksək səviyyədədir, buna yalnız obıvatel inana bilər. Çünki aydın görünür ki, Moskva işğalçı ölkənin indiki başçısının Rusiyayönlü açıqlama və bəyanatlarına rəğmən, ona inamsız yanaşmaqda davam edir.

Bunun birinci səbəbi N.Paşinyanın Rusiya rəhbərliyinin məqbul saymadığı yolla - inqilabla hakimiyyətə gəlməsi ilə bağlıdır. Bəllidir ki, Moskva postsovet məkanında, xüsusən də Ermənistan kimi birbaşa nəzarətində olan ölkələrdə “rəngli” inqilablar xoşlamır, bunu Qərbin, özəlliklə də Soros Fondunun ayağına bağlayır və eyni zamanda, Rusiya üçün təhlükəli presedent sayır.

O da məlumdur ki, Ermənistanda ötən il baş verən və Kremlə sadiq Serj Sərkisyan rejiminin devrilməsi ilə bitən olaylarda ABŞ-ın İrəvandakı səfirliyi böyük rol oynayıb. Həm yerli qərbyönlü QHT-lərə ciddi maliyyə dəstəyi verməklə, həm də başqa formalarda. Birləşmiş Ştatların Ermənistan səfirliyi isə MDB məkanında ən çox personalı və ərazisi olan diplomatik nümayəndəlikdir.

*****

Yəni Kremldə hələ də şübhələr qalır ki, Paşinyanın əlinin üstündə Qərbin “gizli əli” ola bilər. Təsadüfi deyil ki, Paşinyan Putinin çox qıcıqlanmaması üçün 2018-ci il mayın 8-də baş verən hadisələrin klassik inqilab kimi yox, hakimiyyətin legitim qaydada ötürülməsi (Sərkisyanın baş nazir postundan istefa verməsi, Paşinyanın onun yerinə gəlməsi) kimi qələmə verməyə çalışır.

Amma o da təsadüfi deyil ki, Paşinyan komandasının əksəriyyəti “Soros uşaqları”, yaxud Qərb təhsili görmüş, Qərb qurumlarına bağlı adamlardır. Son vaxtlar İrəvanda Rusiyameylli qüvvələrin Soros Fondunun Ermənistan ofisi qarşısında vaxtaşırı etiraz aksiyaları keçirməsi, ofisin bağlanmasını tələb eləməsi də sözsüz ki, boşuna deyil və Kremlin körüklədiyi prosesdir. Moskvanın Paşinyan hökumətinə etimadsızlığı həm də bu şəkildə özünü büruzə verir.

Bu, həmçinin o anlama gəlir ki, Moskva erməni baş nazirin səmimiliyinə inanmır, onunla sadəcə, hələlik işləmək zorundadır. Ancaq o da faktdır ki, 1998-ci ildə (Yeltsin dönəmində) Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Qarabağ klanı, daha dəqiqi, ovaxtkı baş nazir Robert Köçəryan tərəfindən devriləndə Moskva bu çevrilişə məmnuniyyətlə dəstək vermişdi. Ona görə ki, Köçəryanı özünə daha sadiq hesab edirdi. Rusiya prezidenti Vladimir Putin isə hazırda həbsdə yatan dostu Köçəryana həbsxanada ikən ad günü təbriki göndərmiş, Avrasiya Birliyinin sammiti ilə bağlı İrəvanda olarkən arvadı Nella Köçəryanı Rusiya səfirliyində nümayişkaranə şəkildə qəbul etmişdi.

Yeri gəlmişkən, həmin vaxt Paşinyanın israrlarına rəğmən, Putin İrəvanda gecələmədi. Cəmi bir neçə saatlığa gəlib qayıtdı. Halbuki, məsələn, İran prezidenti Həsən Ruhani tədbirlə bağlı bir gün qabaq Ermənistana gəlmişdi...

*****

Bunları həm də ona görə xatırladırıq ki, Putinin Nikol Paşinyandan xoşlanmadığının altını cızaq. Fikrimizcə, bir səbəb də Paşinyanın Ter-Petrosyanın ideoloji müridi hesab olunmasıdır. Demək, Ter-Petrosyanı taxtdan salan Moskva günün birində onun şagirdi üçün də oxşar ssenari düşünə bilər. Vacib deyil ki, Köçəryanı və ya Sərksiyanı geri qaytarsın - onların reytinqləri yüksək deyil. Amma Ermənistanda nə çox Rusiyaya sadiq adam.

Bunu eləmək Rusiyanın əlində su içim kimi bir şey. Ən əvvəl də ona görə ki, işğalçı ölkə Rusiyanın ovucunun içindəki kimidir. Orada 2 rus hərbi bazası, 7 minə yaxın rus hərbçisi var. Ermənistanın Rusiya və İranla sərhədini, hava məkanını rus hərbçiləri qoruyur, İrəvan beynəlxalq aeroportuna belə, Rusiya FTX-nin əsgərləri nəzarət edirlər.

Ancaq Rusiya 21 il öncəkindən fərqli olaraq, ictimai faktoru qismən ciddiyə almağı üstün tutur və yəqin ki, Paşinyanın reytinqinin kritik həddə düşməsini, yaxud “ayağının sürüşməsi”ni gözləyir. Paşinyanın “bal ayı” isə uzağı, hakimiyyətinin ikinci ilinin tamamında başa çatacaq. Çünki məhz onda Nikoldan verdiyi vədlərin tam hesabı sorulacaq. Bu da təxminən gəlın ilin yazına - aprel-maya təsadüf edəcək. Odur ki, “cücələr yazda da sayıla” bilər.

*****

Heç şübhəsiz, Moskvanın İrəvanda hələ də faşist əlaltısı Qaregin Njdenin 6 metrlik abidəsinə dözüm göstərməsi yuxarıdakı amillərlə birbaşa bağlıdır. Rusiyanın erməni kökənli xarici işlər naziri Sergey Lavrov da ötən ay İrəvanda səfərdə olarkən bu məsələnin üstündən keçilmişdi. Ancaq İkinci Dünya Müharibəsində qələbənin 75-ci ildönümü (9 may) yaxınlaşdıqca bu mövzu yenidən, daha ciddi şəkildə gündəmə gələcək. Yeri gəlmişkən, o zaman Azərbaycan Ermənistan üzərinə növbəti uğurlu siyasi-təbliğati basqı eləmək üçün növbəti əlverişli fürsət qazanacaq. Demək, Nikol Paşinyan üçün kritik günlər hələ qabaqdadır. Aprel-may ayı onun üçün ikiqat ağır ola bilər - həmçinin həlli uzanan Qarabağ məsələsi kontekstində.

Bir çox siyasi müşahidəçilərə görə də Moskva-İrəvan münasibətləri Njdenin heykəli məsələsindən daha çox, aşağıdakı iki halda korlana bilər: Qarabağ və Qərbə (Avropaya) inteqrasiya məsələsində. Hesab edilir ki, əgər günün birində “məxməri” baş nazir “gizli qərbçi” kimi Avropa Birliyi ilə Moskvanın başı üzərindən oyun oynamağa başlasa, yəni ağasını dəyişmək fikrinə düşsə, yaxud Dağlıq Qarabağ ixtilafının həllinə Rusiyanın iradəsi əleyhinə əngəl yaratsa, Kreml Paşinyana təzyiqi artıracaq.

Təzyiqin ən yumşaq forması işğalçı ölkəyə satılan təbii qazın qiymətini qaldırmaq, ən sərt forması isə Bakının Qarabağda növbəti uğurlu hərbi əməliyyatına göz yumması ola bilər...шаблоны для dle 11.2

Oxunub: 163






E-mail: cahan.info@mail.ru