"Əlindəki peraşkini kəsib yoldaşları ilə bölürdü..." - Müəllimi Mikayıl Cabbarovu belə xatırlayır

"Əlindəki peraşkini kəsib yoldaşları ilə bölürdü..."
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının müdiri, siyasi elmlər doktoru, professor, vaxtilə Azərbaycanın təhsil naziri olan Ağalar Nəriman oğlu Abbasbəyli müsahibəsində tələbəsi, indiki iqtisadiyyat naziri Mikayıl Cabbarovla bağlı maraqlı xatirələrini bölüşüb. Sfera.az 2015 -ci ilin aprel ayında dərc edilən həmin müsahibəni təkrar yayımlayır

- O zamankı tələbəniz, indiki nazir Mikayıl Cabbarov yadınızda necə qalıb?

- Mikayıl Cabbarovu tələbəlik illərindən tanıyıram. Mən Mikayıla iki semestr dərs demişəm. Onlara Beynəlxalq münasibətlərin tarixi adlı fənni tədris etmişəm. Bütün dövrlərdə tələbə elə tələbə olaraq da qalır. Amma zaman bəzi dəyişikliklər edir və libasları da dəyişdirir. Mikayıl o zamanlar dərslərdə çox aktiv iştirak edərdi. Onların qrupundan çox yaxşı uşaqlar çıxıb. Mikayıl Cabbarovun bəzi tələbə yoldaşları hazırda Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyində və xaricdəki səfirliklərimizdə çalışırlar. Mikayıl o zamanlar çox sakit və diqqətli bir tələbə idi. Özü də ki onun sifətindən hər şey hiss olunurdu.

- Mikayıl Cabbarov necə tələbə idi?

- Mikayıl həmişə nəyinsə axtarışında olardı. Onu heç nə qane etmirdi. O daima axtarışda idi. Suallar verirdi ki, "bu necə olacaq, bu necə olacaq, bu nədir?” Mən də ona həmişə deyirdim ki, sualları saxla mühazirə bitənə yaxın beş-on dəqiqə vaxt ayırıb, onları cavablandıracağam. Bizim fənn onlara ikinci kursda keçirilməyə başladı. Mikayıl dərslərə çox diqqətlə qulaq asırdı. Biz yaşlı müəllimlər isə sinifə girən kimi uşaqların nə ilə məşğul olduqlarına baxardıq.

Mikayıl dərs vaxt başqa heç nə ilə məşğul olmurdı. Dərs vaxtı onun daimi əlində qara qələm və dəftər olardı. Baxmayaraq ki, Mikayıl Cabbarov Beynəlxalq hüququ bitirdi, ancaq onların kafedrasının adı Beynəlxalq Münasibətlər adlanırdı.

Mikayıl həmişə tələbələrin içində olardı və onlardan aralı gəzməzdi. Ona mən ikinci kursda dərs demişəm. Həmin kursda isə tələbələr artıq formalaşırdılar. İndi Mikayıl Cabbarova Mikayıl müəllim deyə bilmirəm. O vaxtlar isə o mənim üçün Mikayıl idi. Bəzi tələbələr qrup uşaqlarından ayrılıb, başqaları ilə söhbət edirdilər. Amma Mikayıl həmişə öz qrupu ilə gəzərdi və müəllimlərə yaxınlaşıb suallar verərdi. Mikayıl başqa tələbələr kimi tində oturub siqaret çəkməzdi.

- Mikayıl Cabbarov ən çox hansı məsələlərlə maraqlanırdı?

- İndiki vaxtda İŞİD var. O vaxtlar isə başqa münaqişələr var idi. Dağlıq Qarabağ münaqişəsi təzə başlamışdı. Müstəqilliyimizə təzə nail olmuşduq. Mikayıl həmişə sual verirdi ki, bizim müstəqilliyimiz davam etdirə biləcəyikmi? Mən isə ona "bəli” deyərək cavab verirdim. 1993-cü ildə Azərbaycan xalqının iradəsi ilə Heydər Əliyev vəzifəyə gəlməsəydi, bəlkə də mən indi bu söhbətləri edə bilməzdim. O vaxtları dövlətimiz parçalanıb əldən gedirdi. Qonşu dövlətlərin də Azərbaycanı parçalmaq fikirləri var idi. Onlar Bakı xanlığının qalmasını istəyirdilər. Mikayıl da daxil olmaqla o vaxtın gənclərində belə bir sual meydana gəlirdi ki, bu hadisələrin sonu necə olacaq?

- Tələbəniz Mikayıl Cabbarovun ən çox hansı xüsusiyyətini bəyənirdiniz?

- Mikayılda ən sevdiyim xüsusiyyət böyüklərə hörmət etməsidir. Mikayıl o vaxtı sinifə müəllim girən zaman birinci ayağa qalxan tələbələrdən biri idi. Mən isə hər zaman deyərdim ki, bu bir mədəniyyətdir. Əgər istəməsələr ayağa qalxamasınlar. Deyirdim ki siz salam verdiniz-vermədiniz mənim şöhrətim düşməyəcək ki? Mən onlarda deyirdim ki, əgər belə etməsələr sabah sizin övladlar da sizə salam deməyəcəklər. Salam sağlam deməkdir. Bu Mikayılın ən yaxşı xüsusiyyəti idi. Mikayıl gələcəkdə hüquqşünas olacaqdı. Amma biz ona beynəlxalq münasibətlərdən dərs deyirdik. O, həmişə məndən ədəbiyyat siyahısı soruşurdu. Mən isə ona deyirdim ki, dərsin sonunda yazdırdığım ədəbiyyatları oxuyarsan.

Baxmayaraq ki, Mikayıl həmişə beynəlxalq münasibətlərin kökü ilə maraqlanırdı. O, Taleryanla daha çox maraqlanardı. Mikayıl deyirdi ki, bu ədəbiyyatlarda Azərbaycana aid məlumatlar çox azdır. O, çox düz deyirdi. SSRİ xalqlarının o qalınlıqda kitabından cəmi dörd sətrlik Orta Asiya və Zaqafqaziya dövlətlərinin tarixi ilə bağlı məlumat var idi. Mikayıl o vaxtı ermənilərin törətdikləri hadisələrlə də çox maraqlanardı.

- Nazir tələbənizin hərbi xidmətə münasibəti necə idi?

-O, vaxtlar bizim universitetdə hərbi kafedra var idi. Orada tələbələrimiz üçün 3 il hərbi dərslər keçirilirdi və sonda isə leytenant rütbəsi verilirdi. Mikayıl da təlimlərdə çox yaxşı iştirak edirdi. Amma onlar məktəbi bitirdikdən sonra hərbi xidmətə də yollandılar.

- Mikayıl Cabbarovla bağlı ən xoş xatirələriniz bizimlə bölüşmənizi istərdik…

-Mikayıl və tələbə yoldaşları ikinci kursda olanda deyirdilər ki, "müəllim gəldi sakit olaq”. Amma 3-cü kursda Mikayıl uşaqlarla çox yaxşı münasibət qurmağa başladı. O, qrup yoldaşları ilə zarafat edərdi.

Bir də görürdüm ki, Mikayıl əlində bir su ilə gəlir. Bir də görürdüm ki, o əlindəki peraşkini kəsib yoldaşları ilə bölüşürdü. Mikayıl çox səmimi oğlan idi. İndi də Mikayıl elədir. O, indi yanımdan keçəndə dilim gəlmir deyim ki, Mikayıl müəllim necəsiniz? Müəllimlər Mikayıl kimi yaxşı məzunları özlərindən sonra qoyub gedirlər.

- Tələbəniz dərsə hazırlıqlımı gəlirdi? Necə oxuyurdu?

-Bəzi uşaqlar dərs danışmaq üçün əllərini qaldırardılar. Amma Mikayıl əlini qaldırmazdı. Mən ona deyirdim ki, Mikayıl gəl dərs danış. Bəkə də o özü dərsi digərlərindən yaxşı bildiyini göstərmək istəmirdi.

Mikayıl rus demişkən heç vaxt özünü qabağa salmazdı. Bilirdim ki, Mikayıl dərslərə hazırlıqlı gəlir. Onu dərs danışmağa çağırardım, o da gəlib hazırlaşdığı konspekti də qabağıma qoyardı. Mən də onun hazırlaşdığı konspekti yoxlayardım. Mikayıl yaşına baxmayaraq, cümlələri çox yaxşı qururdu. O, tələbə idi, amma siyasi elmlərdən cümlələri çox yaxşı düzməyi bacarırdı. Mikayıl heç vaxt tələsmirdi. Dərsləri sakit formada danışardı və mən ona saxla deyərdim. Mikayıl oxumağa başlayanda bütün dərsi hər tərəfli açmağa çalışardı. Mən də deyirdim ki, bəsdir, bu qədər, imkan ver başqaları da danışsın. Onun ardınca qrup yoldaşı Samiri çağırardım. O, isə indi nazirliklərdən birində müşavir işləyir. O, deyirdi ki, Mikayıl hər şeyi danışıb, başqa heç nə qalmayıb. Mikayılın mövzuları hər tərəfli danışması mənə çox ləzzət verirdi. Bəzi tələbələr dərs danışandan sonra səkkiz nəfər çıxıb onun fikirlərinə əlavələr edirdi. Amma Mikayıl danışdıqdan sonra başqalarına vaxt qalmırdı.

- Ondan valideynlərinə heç şikayət etmisinizmi?

-Mən heç vaxt maraqlanmamışam ki, tələbə kimin uşağıdır. Heç indi də bilmirəm ki, Mikayılın valideynləri kimdir? O vaxtlar dəcəllik edən tələbələrin valideynlərini universitetə çağrırdılar. Ancaq Mikayıldan bir dəfə də olsun görmədim ki, valideynlərini universitetə çağırsınlar. Mənim yaddaşım çox güclüdür. Heç vaxt onun valideynlərini belə şeylərə görə universitetə çağırmayıblar.Çünki Mikayıl özünü əsil tələbə kimi aparırdı. Mikayıl da daxil olmaqla mən indiyə qədər heç bir tələbədən soruşmamışam ki, o, haradandır?

- Hazırda Mikayıl Cabbarovla görüşürsünüzmü? Əlaqələriniz varmı?

-Bir dəfə bu yaxınlarda Mikayıl ilə universitetdə görüşdük. Humanitar forumda da onunla görüşdük, öpüşdük, qucaqlaşdıq. Çoxdandır ki onu görmürdüm. İndi Mikayıl rəsmi adamdır. Mən də onu narahat etmək istəmirəm. O yenə də çox istiqanlı və mehribandır. Ona dedim ki, "ay Mikayıl görürəm ki, heç dəyişməmişən”. Çünki bəzi adamlar vaxt keçdikcə kökəlirlər. Mikayıl isə yenə də arıqdır. İndi də Mikayıl müəllimlərini görəndə özü onlara birinci yaxınlaşır.

- Mikayıl Cabbarova hansı arzularınız var?

-Mən istəyirəm ki, Mikayıl nazir kimi inkişaf eləsin. Bu yerə dayanmasın. Vəzifəni nəzərdə tutmuram. Ona görə deyirəm ki, Mikayıl hələ çox gəncdir. Çünki o hələ indi-indi bu sahəyə girişir. Mən istəyirəm ki, Azərbaycan təhsili Mikayılın rəhbərliyi altında dünya səviyyəsinə qalxsın. Bizim Təhsil Nazirliyi elə bir nazirlik olsun ki, xaricdə onu Azərbaycanın nazirliyi kimi çağırsınlar.

Mikayıl hələ gəncdir, çox işləyəcək. Onun hələ heç 40 yaşı yoxdur. Gələcəyi qabaqdadır. Arzumdur ki, həqiqətən də Azərbaycan elmində, təhsilində, mədəniyyətində Mikayılı hamı qəbul etsin və o yeni nəsilin naziri olsun. Bundan sonra Mikayılı əsil nazir kimi görəcəyəm. O, elə püxtələşib, formalaşsın ki, hər kəs onunla fəxr eləsin. Bu, mənim ən böyük arzumdur. Mən inanıram Mikayıl bunların hamsına nail olacaq.

Mən də sovet dövründə nazir olmuşam. İndi isə dövr dəyişib. İndi biz müstəqilik, çox şey edə bilərik, buna imkanlarımız da var. Mikayıl dayanmasın, inkişaf eləsin. Qədim dövdə deyirlər ki, mənfi inkişaf eləsin. Bir gündə olsa mənfiyə inkişaf eləsin. Evə gələndə analiz eləsin ki, bu gün nə edib. Heç vaxt nə etdiklərindən və işindən razı olmasın. Müəllimlərə qayğı artırılmılıdır. Mən istəyirəm ki, təhsillə elm bir olsun. Elmlər Akademiyası ilə təhsil müəssilərini ayırmaq olmaz. Mən istəyirəm ki, Amerika və Avropada olduğu kimi, bizdə də təhsil ocaqları elm ocaqları olsun.шаблоны для dle 11.2

Oxunub: 245






E-mail: cahan.info@mail.ru