Arif Hacılı rəqiblərinə vəzifə təklif edəcək

Arif Hacılı rəqiblərinə vəzifə təklif edəcək
Tofiq Yaqublunun Məclis sədri olacağı, Yadigar Sadıqlının isə istefa verəcəyi deyilir

Müsavat Partiyasının oktyabrın 13-də keçirilən IX qurultayında partiya başqanı, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və sərbəst Məclis üzvü vəzifələrinə seçkilər olub, partiya nizamnaməsinə dəyişikliklər edilib. Qurultayda bir sıra sənədlər qəbul edilib, bu sənədlərdə Müsavat Partiyasının Qarabağ, ölkədəki ictimai-siyasi vəziyyət və seçkilərlə bağlı mövqeləri ifadə olunub. Partiya rəhbərliyinə seçkilər gizli səvermə yolu ilə keçirilib. Səslər jurnalistlərin və müşahidəçilərin gözü qarşısında sayılıb, bu proses canlı yayımda translyasiya edilib.

Arif Hacılı yenidən partiyanın başqanı seçilib. Gizli səsvermə zamanı 262 nümayəndə onu dəstəkləyib. Digər namizədlər, Müsavat Partiyası Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıya müvafiq olaraq 51 və 20 nümayəndə səs verib.

Seçkinin nəticələri elan olunduqdan sonra Tofiq Yaqublu Arif Hacılını qələbə münasibətilə təbrik edib. Tofiq Yaqublu həmçinin bəyan edib ki, Müsavatda yola davam edəcək, fəaliyyətini daha da gücləndirəcək.

Yadigar Sadıqlıdan isə Arif Hacılıya təbrik olmayıb. Tofiq Yaqubludan fərqli olaraq o, narazılığını ortaya qoymaqda davam edir. Başqan seçkisinin nəticəsindən dərhal sonra “Müsavat dəyişiklik istəmədi, hamımıza keçmiş olsun” - deyə narazılığını bu şəkildə dilə gətirib. Bir gün sonra oktyabrın 14-də isə sosial şəbəkədə İsa Qəmbərin ünvanına aşağılayıcı ifadə işlədib və İsa Qəmbəri qurultayda alternativ fikrə dözümsüzlükdə ittiham edib.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Yadigar Sadıqlı qurultaydan sonra bir qrup müsavatçı ilə söhbətində partiyadan istefa verməyəcəyini, lakin tamamilə kənara çəkiləcəyini, partiyanın heç bir seçkili strukturunda fəaliyyət göstərməyəcəyini deyib.

Tofiq Yaqublunun isə Müsavat Məclisinin sədri olmaq istədiyi deyilir.

Qeyd edək ki, qurultayda MNTK və Məclis üzvlüyünə keçirilən seçkilərin nəticələri oktyabrın 14-də sayılıb və partiya Məclisinin 19 oktyabr tarixli sessiyasında təsdiq ediləcək. Əldə etdiyimiz məlumata görə, Tofiq Yaqublu Məclis üzvü seçilib.

Onu da bildirək ki, qurultayın keçirilməsi ilə əlaqədar yeni seçilən başqan müavinlər və department rəhbərlərini təyin etməlidir. Arif Hacılı oktyabrın 14-də modern.az-a bildirib ki, Müsavat Partiyasının rəhbərliyində yeni simalar da olacaq. O qeyd edib ki, kifayət qədər siyasi təcrübəsi olan, səriştəli şəxslər də rəhbərlikdə qalacaq: “Keçən qurultaydan sonra mən opponentlərim Yadigar Sadıqlını və Tofiq Yaqublunu Müsavat Partiyasının başqan müavini təyin etmişdim. İndi də belə bir təkliflə əlaqədar müzakirələr aparacağıq. Onların özləri üçün uyğun hesab etdikləri mövqeləri təklif edə bilərik”.

Beləliklə, faktiki olaraq Arif Hacılı Yadigar Sadıqlıya və Tofiq Yaqubluya partiyada vəzifə təklifi edəcəyini açıqlamış olub. Hətta onların özlərinə uyğun bildikləri postu təklif etməyə hazır olduğunu dolayısı ilə ifadə edib. Yuxarıda qeyd etdiklərimizə əsaslansaq, təklifə Tofiq Yaqublunun müsbət cavab verəcəyi ehtimalı böyük olsa da, Yadigar Sadıqlının qəbul etməyəcəyi ehtimalı yüksəkdir. Müsavatın yeni başqan müavinlərinin kimlər olacağı isə yaxın günlərdə bilinəcək.шаблоны для dle 11.2

Oxunub: 197






E-mail: cahan.info@mail.ru