Xoşqədəm Hidayətqızı sələmə pul verir – 49 min manatlıq qalmaqal

Xoşqədəm Hidayətqızı sələmə pul verir
Zaman-zaman müxtəlif telekanallarda yayımlanan "Səni axtarıram” proqramının müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) ilə bağlı məhkəmə qərarlarından belə görünür ki, o, sələmlə pul verirmiş. Qərarda X.Hidayətqızının özünün də etiraflarına istinad olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, məhkəmə qərarı X.Hidayətqızının iddiası əsasında çıxarılıb. Aparıcı məhkəmədən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib, sələmlə pul verdiyi Məmmədtağı İbrahimovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin cinayət işi başlanması rədd olunub.

Bundan sonra X.Hidayətqızı Nərimanov Rayon Məhkəməsinə üz tutub. Aparıcı bildirib ki, M.İbrahimova üç dəfəyə 49 min manat pul verib. Bunun 25 min manatını aylıq 5 faizlə 2013-cü ilin noyabrında, 20 min manatı isə aylıq 6 faiz əlavə ödəniş şərtilə, 2014-cü ilin noyabrında verib.

X.Hidayətqızının sözlərinə görə, qalan 4 min manatı da sonradan 6 faizlə verib. M.İbrahimov isə 20 min və 25 min olmaqla, ikidəfəyə 45 min manat aldığını təsdiqləsə də, X.Hidayətqızıdan 4 min manatı almadığını deyir.

Bildirir ki, aldığı 45 min manatdan da 28 min 900 manat qaytarıb. M.İbrahimov qaytardığı pulun əsas borcdan çıxılmasını istəyib. Bildirib ki, onu faiz kimi yox, borcdan verib. Lakin X.Hidayətqızı ona əsas borcdan bir manat da qaytarılmadığını iddia edib. X.Hidayətqızı məhkəməyə müraciətində 49 min əsas borc, 2015-ci ilin mayından qətnamə icra olunduğu günə qədər aylıq 6 faizdən hesablanmaqla, hər ay üçün 2940 manat da faiz borcu tələb edib. Nərimanov Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib.

Məhkəmə belə qərara gəlib ki, X.Hidayətqızı 4 min manat verdiyini sübut edə bilməyib. Ona görə də yalnız 45 min manat əsas borcun qaytarılması barədə qətnamə çıxarıb. Aparıcının hər ay üçün 2940 manat faiz tələbi də rədd edilib. Həmçinin M.İbrahimovun da 28 min 900 manat qaytarması barədə dedikləri də qəbul edilməyib. Hakim qərarda yazıb ki, cavabdeh bu məsələ ilə bağlı ortaya sübut qoya bilməyib.

Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. M.İbrahimov sonra Ali Məhkəməyə kassasiya şikayəti vermək istəsə də, qəbul edilməyib, çünki vəkil orderi əlavə olunmayıb. M.İbrahimov vəkil tutmağa imkanı olmadığını əsas gətirib, apelyasiya məhkəməsinə müraciət edib ki, ona dövlət hesabına vəkil təyin edilsin. Bakı Apelyasiya Məhkəməsi onun ərizəsini rədd edib. Bu qərardan Ali Məhkəməyə şikayəti də təmin olunmayıb. Bir müddət sonra M.İbrahimov 45 min manatlıq qərardan da Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə də əvvəlki qərarları dəyişməyib.

Xoşqədəm Hidayətqızı "bu məsələ mənim üçün qapanıb” deməklə məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur.

Hüquqşünas Məhərrəməli Həmidov "Femida.az”a deyib ki, verilən sələmə görə faiz tələb etmək cinayət məsuliyyətinə səbəb ola bilər: "Verilən sələmə görə sələm alandan nəinki faiz tələb etmək, əksinə, dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan bu cür qanunsuz fəaliyyət göstərdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətə cəlb oluna bilərlər”.шаблоны для dle 11.2

Oxunub: 1 857






E-mail: cahan.info@mail.ru