Asim Mollazadə: “Bölgədə humanitar faciə yaşansa, Azərbaycana axın ola bilər”

“Bölgədə humanitar faciə yaşansa, Azərbaycana axın ola bilər”
“Azərbaycan strateji seçiminə ehtiyac yoxdur...”

Dünyada və regionda geopolitik qarşıdurmalar güclənir. Rusiya-Gürcüstan gərginliyi, İran - ABŞ arasında körfəz savaşı, Ankaranın Moskvadan S-400 raket kompleksi almasına görə sanksiyalarla üzləşə bilmək riski ətrafımızı münaqişə ocaqları ilə əhatələyib.

Xüsusən də İran hərbi gəmilərinin Britaniya tankerinə hücum etməsi bölgədə gərginliyi alovlandırıb. Belə ki, İranın beş hərbi kateri Britaniyanın “British Heritage” neft tankerini Fars körfəzində ələ keçirməyə cəhd edib.

Məlumatı CNN televiziyası yayıb. Məlumata görə, insident Hörmüz boğazı ərazisində baş verib. Tanker körfəzi tərk etmək istəyərkən İran katerləri ona yaxınlaşaraq, İran ərazi sularına hərəkət etməyini istəyiblər.

Bundan sonra tankeri müşayiət edən Britaniya donanmasının “HMS Montrose” gəmisi İran katerlərini hədəf alaraq geri çəkilməsini tələb edib və İran gəmiləri geri çəkilib.

Televiziya insidentin ABŞ təyyarələri tərəfindən video-qeydiyyata aldığını da bildirib. Britaniya Müdafiə Nazirliyi artıq neft tankerinə İran gəmilərinin hücum cəhdini təsdiqləyib.

“Britaniya SEPAH-a ittihamlar səsləndirərək, İranla münasibətləri gərginləşdirmək istəyir”. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. “Britaniyanın İrana qarşı ittihamları əsassızdır. Onlar belə bəyanatları münasibətləri gərginləşdirmək üçün verirlər”, - deyə o bildirib.

Böyük Britaniya hökuməti Hörmüz boğazından keçən “British Heritage” ticarət gəmisinin üç İran gəmisi tərəfindən saxlamaq cəhdi göstərildiyini, lakin baş tutmadığını bildirib.

Böyük Britaniya hökumətinin açıqlamasına görə, həmin İran gəmiləri yalnız ticarət gəmisini müşayiət edən hərbi gəmidən gələn “şifahi xəbərdarlıq”dan sonra geri qayıdıb.

Göründüyü kimi, Tehran qorxulu bir proseslə əhatələnib. Tez-tez mülahizələr səslənir ki, ABŞ İranı vura bilər, hədəf prosesi Çinə qədər genişləndirməkdir və bu hadisələrdən Azərbaycanın da ziyan görəcəyi ehtimal edilir.

Regionda sabitliyin pozulması, qonşunun müharibəyə cəlb edilməsi, qaçqın axını bütövlükdə bizim də rahatlığımızı poza bilər. Bu situasiyada Azərbaycanı nələrin gözləməsi, Bakının hansı mövqeni tutması da sual doğurur.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu barədə suallarımızı cavablandırıb. Parlament üzvünün “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Asim müəllim, İran hərbi gəmiləri Britaniya tankerinə hücum edib. Körfəzdəki gərginlik hara qədər irəliləyə bilər?

- Əslində İran bu addımı ilə gərginliyi daha çox artırmış olacaq. Mən körfəzdə böyük müharibə başlayacağını gözləmirəm. Lakin gərginlik hələ davam edəcək. Hətta istisna deyil ki, İran hərbi gəmilərinin Britaniya tankerinə hücumuna görə olduqca ciddi bir cavabla üzləşsin.

Hər halda, bu hadisənin cavabsız qalmayacağını düşünürəm. Biz bölgədə sabitlik olmasını istəyirik. Lakin hadisələrin gedişatı narahatlıq doğurur. Azərbaycan İranla yaxşı münasibətlərə malikdir və regionda sabitliyin pozulması xeyrimizə deyil.

- İrana cavab hansı formada ola bilər?

- Hesab edirəm ki, çox ciddi cavab olacaq. Müttəfiqlərin cavabı şəklində olacağını güman edirəm. ABŞ Hörmüz körfəzində nəqliyyatın qarşısını almağa cəhd edildiyi halda zərbə endirə bilər.

Bu olmadığı halda, genişmiqyaslı əməliyyatlar planlaşdırılmır. Əgər hansısa təxribat olarsa, tankerlərin qarşısı alınarsa, Hörmüz boğazı bağlanarsa, İrana ciddi aviazərbələr endirə bilər.

Arzulamazdım ki, bundan sonra bölgədə humanitar faciə yaşansın. Çünki bu halda Azərbaycana axın ola bilər. Amma gərginlik artmaqdadır və ümidvaram ki, regionda sabitlik yaranması üçün tərəflər dil tapacaqlar. İri ölkələrin özləri problemlərini həll etməlidir, Azərbaycan müstəqilliyini və ərazi bütövlüyünü qorumalıdır.

- Körfəz ölkələrinin bir araya gəlməsi və müzakirəsi gərginliyi səngidə bilərmi?

- Söhbət körfəz ölkələrindən getmir. Bu hadisələr beynəlxalq ictimaiyyəti aktivləşdirə bilər. Ümumilikdə, dünyada geosiyasi proseslər aktivləşməkdədir. Nüvə istehsalı ilə məşğul olan ölkələr var.

- Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə ABŞ Ankaranı cəzalandıra bilərmi?

- Mən Türkiyənin Rusiyadan S-400 raketlərini almasını şişirtməyin tərəfdarı deyiləm. Düşünmürəm ki, bu məsələ dərin böhrana səbəb ola bilər. Amerika ilə Türkiyənin öz əməkdaşlıq maraqları var. Hər iki ölkə əməkdaşlığın genişlənməsi istiqamətində addımlar atmağa çalışır. Və istəməzdim ki, bu məsələyə görə kəskin böhran olsun.

- Qonşularımız olan Rusiya və İrana sanksiyalar var, Türkiyə - ABŞ münasibətləri yaxşı deyil, bu halda Bakı strateji seçim etməlidirmi?

- Azərbaycan müstəqil siyasət aparır və heç kəs onu strateji seçimə məcbur edə bilməz. Azərbaycanın mövqeyi aydındır. Rəsmi Bakının strateji seçimi tərəfdaşlıq və əməkdaşlığın inkişaf etdirilməsi kontekstində qurulub. Azərbaycan heç bir strateji dilemma qarşısında deyil, seçim etməsi üçün hər hansı ehtiyac yoxdur. Sadəcə, hər bir ölkənin mövqeyi fərqlidir. Dünyada və körfəzdə enerji rəqabəti gedir. Amma istənilən enerji rəqabətinin siyasi müstəvidə həll olunmasını arzulamalıyıq.

“Yeni Müsavat”шаблоны для dle 11.2

Oxunub: 170






E-mail: cahan.info@mail.ru