ABŞ Azərbaycanı xristianlaşdırmaq istəyir; Səudiyyə bizə vəhhabiliyi sırıyır; İran isə...

Səudiyyə bizə vəhhabiliyi sırıyır; İran isə...
Bu yazıda müxtəlif vaxtlarda Amerika mətbuatında Azərbaycana yabançı dini təriqətlərin ixracı ilə bağlı getmiş məqalələrdəki bəzi məqamlara diqqət edəcəyik. Amerikalılar Azərbaycanda dini müstəvidə gedən prosesləri necə görür? Və bu, məmləkətimizin gələcəyinə necə təsir edə bilər?

Əsası 2008-ci ildə ABŞ-da qoyulan “patheos.com” saytı dünya dinləri ruhu aləm, ateizm kimi mövzulara xüsusi önəm verən ən böyük ingilisdilli media qurumudur. Bu günlərdə məhz belə bir saytda Azərbaycanda xristianlara, daha doğrusu, missionerlər vasitəsi ilə ölkəmizə ixrac edilən xristian təriqətlərinə o qədər də xoş olmayan münasibətlə bağlı bir məqalə gedib. Yazının başlığında deyilir ki, Azərbaycanda uşaqlara dini təlqin edənlərlə sərt davranırlar. Bu ölkədə bununla bağlı qəribə və aşırı həssaslığa söykənən qanun mövcuddur...

Qeyd olunur ki, Safqan və Gülnar Məmmədovların altı yaşındakı oğlu xristian ədəbiyyatını sinif yoldaşlarına hədiyyə kimi paylayıb. Az sonra məktəb direktoru hadisəyə müdaxilə edib və Məmmədovlar ailəsinin evinə gələn polis xristianlıqla bağlı təbliğat xarakterli ədəbiyyatı, müxtəlif kitabları və CD-ləri müsadirə adı altında özü ilə aparıb.

Polisin apardığı araşdırma zamanı bəlli olub ki, bu ailə yeni il ərəfəsində öz evində uşaqlar üçün bayram şənliyi təşkil edib və tədbirə qatılan on iki uşağın hər birinə şirniyyatla yanaşı İsa Məsihin doğuluşunu əks etdirən şəkilli kitabı da hədiyyə edib.

Həmin məclisdə iştirak edən bir pastor da polis tərəfindən sorğu-suala tutulub, daha sonra pastorun evindən çıxan təbliğat materialları istintaq tərəfindən müsadirə edilib.

Məmmədovların hər biri 1.500 manat (880 dollar) cərimə olunub. Bu isə Azərbaycan standartları baxımından 3 aylıq orta maaşdan çoxdur. Şirvan məhkəməsi Məmmədovların xahişini rədd edib və cərimə qərarını qüvvədə saxlayıb. Xristianlığı qəbul etmiş Məmmədovlar ailəsi hesab edir ki, cəmi 10 dəqiqə davam edən məhkəmə dinləməsi onlara qarşı ədalətsiz qərarı yanlış olaraq qüvvədə saxlayıb.

Bundan sonra Məmmədovlar ailəsi birbaşa prezident İlham Əliyevə müraciət edə bilər. Sayt belə yazır.
2018-ci ildə Şəki şəhərində 3 xristiana oxşar cərimə tətbiq edilib. Ancaq onlar şikayət ərizəsi ilə məhkəməyə müraciət etməyi lazım bilməyiblər.

Bu kimi faktların mövcudluğuna baxmayaraq, 2019-ci ildə Azərbaycanda xristianların ibadət üçün toplaşdığı evlərə polis müdaxilələri az olub.

Sayt yazır ki, Azərbaycanın dünyəvi hökuməti ənənəvi dinlərə-İslama və Rus Pravoslav Kilsəsinə imtiyazlar tanıyır, ancaq digər xristian təriqətlərinə münasibətdə məhdudiyyətlər var.

Sayt mənbəyi açıqlamadan yazır ki, Azərbaycanda əhalinin 97 faizi müsəlmandır, ancaq onların 49 faizi üçün din o qədər də önəm daşımır. Həqiqi möminlərin sayı isə 7 faizdir.

Azərbaycan müsəlman ölkəsinə xas olmayan cəhətlərə də malikdir. Ölkədə alkoqol qəbuluna hər hansı məhdudiyyət yoxdur, bəzi yerlərdə qadınlar da alkoqol içə və siqaret çəkə bilərlər...

Bütün bunlar ABŞ saytının yazdıqlarıdır. Bəs Azərbaycanda dini müstəvidə real vəziyyət necədir? Şübhəsiz ki, Azərbaycan bu məsələdə hətta bir çox Avropa ölkəsinə nümunə olacaq səviyyədə tolerant bir məmləkətdir. Təəssüf ki, bundan missioner təşkilatları sui-istifadə edirlər. Azərbaycanda təbliğ edilən təkcə xristian təriqətləri deyil, buddizmin də ölkədə aşkar təbliğatçıları var. Varlı ərəb ölkələri isə Azərbaycanda mühafizəkarlığı ilə seçilən vəhhabi təriqətinin yayılması üçün fürsətdən daha çox yararlanmağa çalışırlar. Təbii ki, bu tendensiya yaxın gələcəkdə Azərbaycanı çıxılmaz dalana dirəyə bilər.

Ona görə də Azərbaycanda müxtəlif adlar altında fəaliyyət göstərən missioner təşkilatlar ciddi nəzarət altında olmalıdır. Ancaq ortada olan faktlar göstərir ki, bu nəzarət çox zəifdir...

Gəlin bu məsələ ilə bağlı başqa bir Amerika saytında gedən yazıya diqqət edək. “CBNNEWS-COM“ saytı da xristianlığın təbliği istiqamətində fəaliyyət göstərir.

Bu saytın Azərbaycandan hazırladığı materialda Sarı Mirzoev adlı azərbaycanlı deyir ki, Azərbaycanda xristianlığı qəbul edən birinci adam o olub: "1991-ci ildə belə bir addım atdım. O vaxt başa düşdüm ki, ətrafımda olan insanlar ruhi baxımdan çoxdan ölüb...

O vaxt evangelistliyi əsasən ruslar qəbul edirdi. Mən tək idim. İndi isə 10 min nəfər azərbaycanlı Baptist Kilsəsinə məxsusdur.

Cənab Mirzoyev hələ 2017-ci ildə “CBN News“a deyir ki, bəzən bir ibadət günündə 30-40 müsəlman xristianlığı qəbul edir...
Sayt yazır ki, Alan Bedoev qeydiyyatdan keçməmiş ev-kilsələrlə iş aparır. O, əsası İllinoys ştatında qoyulan “Mission Eurasia” təşkilatında çalışır. Bu təşkilat keçmiş SSRİ-nin 13 ölkəsində fəaliyyətdədir.

Xristianlığı qəbul etmiş Hafiz deyir ki, müsəlmanlar görür ki, biz həyatdan zövq alaraq yaşayırıq, həmişə xoş əhval-ruhiyyədə oluruq. Səbəbini soruşanda deyirik ki, biz xristianlığı qəbul etmişik. Elə o vaxtdan da həyatımız müsbətə doğru tamam dəyişib.

Məqalənin sonunda Bakıdakı Baptist Kilsəsinin rəhbəri olan Sarı Mirzoev deyir ki, biz (Evangelist-baptist kilsəsi) 9 milyonluq Azərbaycanda hər kəsin xristian olması arzusu ilə yaşayırıq”.

Sari Mirzoev və Bakıdakı Evangelist-baptist kilsəsi haqqındakı bu qeydlər 2017-ci ilə aiddir. Hazırda vəziyyət necədir? Heç şübhəsiz ki, Evangelist-baptist kilsəsinə üz tutanların sayı daha da artıb və bu proses davam edəcək.

ABŞ-a məxsus “jamestown.org” saytında gedən yazı isə vəhhabilərlə bağlıdır. Sələfi İslamın Azərbaycanda yüksəlişi ilə bağlı uzaq 2005-ci ildə yazılan məqalədə diqqətçəkən məqamlar var və həmin məqamlar bu gün üçün də aktualdır. Yazıda deyilir ki, İran şiə ideologiyasını Azərbaycana ixrac etmək üçün bütün imkanlardan istifadə edir. Səudiyyə Ərəbistanı və varlı körfəz ölkələri isə Azərbaycanda vəhhabi düşüncəsinin yayılması üçün bu işə ciddi para xərcləyirlər. Ənənəvi şiə ölkəsi olan Azərbaycanda vəhhabilərin sayı sürətlə artır. Məqalədə bu artımın miqyası belə təsvir olunur. 2003-cü ildə Azərbaycanda sələfilərin nəzarətində olan 65 yeni məscid vardı. Bakıdakı ən böyük sələfi ibadət mərkəzi “Əbu Bəkir” məscididir. Bu məscid Küveyt tərəfindən inşa edilib. Ənənəvi cümə namazına şiə və sünni məscidlərinə 300 nəfər gedəndə “Əbu Bəkir” məscidinə 5-7 min dindar toplaşırdı. Bu məscidin imamı Qamət Süleymanov Mədinədə Dünya İslam Universitetində təhsil alıb, bu universitet sələfizmin bütün dünyada ixracı üçün çalışır.

Məqalədə vurğulanır ki, sələfilər əsasən Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında daha aktivdir. Dağıstan və Qafqazdakı digər müsəlmanlar yaşayan bölgələrdə də sələfizim sürətlə yayılır. Onlar Azərbaycandakı sələfilərlə birlikdə Qafqaz xilafəti yaratmaq arzusundadırlar. Bu ideya Səudiyyə Ərəbistanı tərəfindən siyasi və maliyyə dəstəyi alır.

Qamət Süleymanov 2006-ci ildə verdiyi müsahibələrinin birində deyir ki, cümə günləri məscidimizə 7-8 min nəfər ibadətə gəlir. Bayram günləri isə onların sayı 12 mindən çox olur.

2008-ci il 17 avqustda məscidin pəncərəsindən içəri 2 ədəd əl qumbarası atıldı. Terror aktı nəticəsində 2 nəfər öldü, 18 nəfər yaralandı. Yaralananlar arasında Qamət Süleymanov da vardı. Məhkəmə müəyyən etdi ki, terror aktını “Meşə qardaşları” törədib. Az sonra terror aktını həyata keçirmiş İlqar Mollaçiev Dağıstanda öldürüldü...

Elə o vaxtdan da “Əbu Bəkir” məscidi bağlı qalıb. Hökumət müxtəlif bəhanələrlə məscidin açılmasına imkan vermir və böyük ehtimalla demək olar ki, bu məscid bir daha açılmayacaq...

Əlbəttə, “Əbu Bəkir” məscidini hökumət administrativ yolla bağlaya bilər. Ancaq sələfi inancının yayılmasının qarşısını almaq son dərəcə çətindir. Əslində bu, qarşısıalınmaz bir prosesdir.

Bir incə məqama da toxunaq. Vəhhabilər də sələfi inancına sahibdir. Bütün vəhhabilər sələfidir, anacaq bütün sələfilər vəhhabi deyil. Vəhhabilər sələfilərin ən radikal kəsimidir...

İş o yerə çatıb ki, Suriya kimi ölkələrdə azərbaycanlılar bir-birinə qarşı vuruşan cəbhələrdə yer alırlar. Bir qrup sələfilərin yanında, digər qrup isə İranın dəstək verdiyi qruplarda vuruşur. Hər iki tərəf də İslam uğrunda cihad etdiyini bildirir.
İstənilən halda hökumət Azərbaycanın müxtəlif dinlərin, məzhəblərin, təriqətlərin qarşıdurma poliqonuna çevrilməsinə imkan verməməlidir. Azərbaycana kənardan-ABŞ, Avropa, İran, Səudiyyə Ərəbistanı... hətta Hindistandan ixrac olunan inanclar dövlətimiz üçün ciddi təhlükə mənbəyidir. Hər bir kəs bunun fərqində olmalıdır.

Dünya belədir. İddialı ölkələr öz ideologiyalarını başqa xalqlara sırımağa çalışırlar. Məsələn, ABŞ demokratiya, insan haqları, azad media...adı altında öz dövlət maraqların həyata keçir. Bu yazıdan da göründüyü kimi, Amerika xaricə təkcə demokratiyanı yox, həm də sistemli şəkildə Evangelist-baptist kilsəsini inancını ixrac edir. Təsadüfi deyil ki, ABŞ dünyada Evangelistlərin qurduğu imperiya kimi tanınır.

Onu da unutmaq olmaz ki, ABŞ imkan daxilində Azərbaycanda evangelist inancı yaymağa çalışır. Eyni zamanda Amerika ölkəmizdə sələfizmin yayılmasında da maraqlıdır. Niyə? Çünki Səudiyyə Ərəbistanı üzərindən həmin müsəlmanlara nəzarət etmək imkanına sahibdir.

Bu kimi amillər həmişə hökumətin və cəmiyyətin diqqət mərkəzində olmalıdır. İdeoloji sahədə iflasa uğrayan ölkələr başqa ölkələrin təsir dairəsinə düşür. Bu isə arzuolunan aqibət deyil...

Amerikalılara qalsa gərək Azərbaycanda hər kəs Sarı Mirzoevin dediyi kimi, evangelist olsun. Səudiyyə və digər varlı ərəb ölkələrinin könlündən isə keçir ki, İranın acığına biz hamımız dönüb vəhhabi olaq. İran isə istəyir ki, Azərbaycanda nə sünni, nə də xristian olsun. Hər kəs Əli şiəsi olaraq İranın yanında yer alsın...

Əlbəttə, bütün bunlar yabançılarn istəyidir və millət olaraq əcnəbilərin ölkəmizdə at oynatmasına heç bir halda yol verə bilmərik. Azərbaycan dini müstəvidə öz tarixi ənənəsinə sadiq qalmalıdır. Yəni, ölkədə olan şiələr də, sünnilər də vəhdət içində olmalıdırlar. Yerli xristian və yəhudilərə olan xoş münasibət isə daha da möhkəmlənməlidir. Bizə öz dini düşüncələrini sırımaq istəyənlərdən isə mümkün qədər uzaq olmağa çalışmalıyıq. Min illər boyu formalaşmış milli və dini kimliyimizə kimlərinsə yenidən yön verməsinə yaşıl işıq yandıra bilmərik. Biz özümüz olanda dəyərliyik, özgələşəndə isə yox olub gedəcəyik. Var olmağımız bizdən sonra gələn nəsillərin də var olmasının təminatıdır... (musavat.com)шаблоны для dle 11.2

Oxunub: 84






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23