Tramp Venesuelanı Suriyaya çevirir? - neftə görə Çavesin varisi devrilir...

Tramp Venesuelanı Suriyaya çevirir?
ABŞ-ın qlobal siyasətinin bir qanadı da neft qiymətlərinin aşağı düşməsi üçün müəyyən addımların atılmasıdır. Venesuelada gedən proseslər ABŞ-ın bu ana xəttinə uyğundur.

Cahan.info xəbər verir ki,
Qərb şirkətlərinin Venesuelada çalışdığı dövrdə gündəlik neft hasilatı bu ölkədə təqribən 4 milyon barrel idi.

Bu gün neft hasilatı kəskin aşağı düşüb. Yəni gündəlik hasilat 1,2-1,3 milyon barrel təşkil edir. Başqa ölkələrə nisbətən Venesuelanın qlobal bazarlara o qədər də böyük təsiri yoxdur.

Ona görə də Venesuelada baş verən çaxnaşmalar neft qiymətlərinə təsir etmədi. Əslində neft qiymətlərində bahalaşma gözlənilirdi, amma baş vermədi. Əks prosesi görürük.

Neft qiymətləri son 2 gündə 2 dollara yaxın ucuzlaşıb. Venesuelada gedən proseslərin nəticəsində ABŞ-ın dəstəklədiyi və demokratik hesab olunan güclər qalib gəlsə, Venesuelaya qarşı sanksiyalar aradan qaldırılacaq. Bunun da ilkin işartıları var. Artıq hətta ordu belə Maduronun əleyhinə bəyanat səsləndirdi. Hamı ordunun mövqeyini gözləyirdi.

Uqo Çavesin və Maduronun ölkədən qovduğu Qərb şirkətləri geri dönməyə başlayacaq. İnfrastruktur zatən Venesuelada var, sadəcə texnologiyalar çatışmırdı və sanksiyalar mane olurdu.

Qısa zaman ərzində Venesuelada hasilatın kəskin artması müşahidə ediləcək. Yəni gündəlik hasilatın 3,5-4 milyon barrelə qalxmasını ən azı 1 il ərzində görə bilərik.

Bu da neft qiymətlərinə təbii ki, mənfi təsir göstərəcək. Çünki bazara daha çox neftin daxil olması qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Venesuela uzun illər, Çavesə qədər ABŞ-a ən çox neft satan ölkələrdən biri idi. Bu çox maraqlı detaldır. ABŞ-ın bir çox neftayırma zavodları məhz Venesuelanın neftinə uyğun texnologiyalarla təchiz olunub. Venesuela nefti fərqli neftdir.

Ağır və içində qurğuşunun daha çox olduğu neft sayılır. ABŞ-da olan neftayırma zavodları bir müddət bu sanksiyalardan və ABŞ şirkətlərinin Venesueladan qovulmasından sonra boş qalmışdı.

İndi yenidən əgər Venesueladakı proses demokratik güclərin və ABŞ yanlı hökumətin formalaşması ilə bitsə, ABŞ neftayırma zavodları Venesueladan neft almağa başlayacaq. Yəni artıq bir çox dünya ölkələri Maduronu prezident kimi tanımır.

Yaxın zamanlarda Maduro hakimiyyətinin legitimliyi sual altına düşə və o, siyasi səhnədən gedə bilər. Bunun nəticəsi olaraq da ABŞ şirkətlərinin geri dönməsi neft bazarında qiymətlərin ucuzlaşmasına təsir göstərən əsas amillərdən birinə çevriləcək

Venesuelada hakimiyyət dəyişikliyi olsa, Rusiyanın bu ölkədəki maraqlarına zərər vurulacaq. Bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı politoloq Dmitri Burıx deyib.

“Rusiya maraqları üçün müəyyən risk olduğunu təxmin etmək olar. Bu risk hər şeydən əvvəl iqtisadi maraqlarımıza təhdid yaradır.

Venesuela böhranı ABŞ və Latın Amerikası ölkələri tərəfindən təşkil edilib. Ölkədəki situasiya süni şəkildə yaradılıb və gələcəkdə mövcud gərginliyi daha da artıracaq. Xarici ölkələr Venesuela müxalifətinin yox olduğunu görüb, müxalifətin daha az məşhur nümayəndəsini prezident elan etdilər”, - deyə o bildirib.

Fransa Prezidenti Emmanuel Makron Venesueladakı etirazçıları dəstəklədiyini bildirib. Makron fikrini öz Tvitter səhifəsində paylaşıb.

Avropanın adından danışan Makron Venesuela Prezidenti Nikolas Maduronun qanunsuz seçildiyini bildirib. O, Venesuelada Maduro hakimiyyətinə qarşı etiraz edənləri cəsur və qəhrəman adlandırıb.

Uqo Çaves bu və ya digər şəkildə cüzi də olsa, iqtisadi reformlarla ölkə xəzinəsinə müəyyən pullar gətirmiş, bütün əsas və neft müəssisələrini özəlləşdirməyə nail olmuşdu.

Bununla yanaşı, Rusiya, Çindən yardımlar hesabına ölkədə sosial öhdəliklər yerinə yetirilirdi. Ancaq sonradan bu dəst-xətt zəiflədi. İndi heç Rusiyanın özünün vəziyyəti yaxşı deyil.

Venesuelada həmin vaxtlar islahatlar neft qiymətləri çox yüksək olduğuna görə səmərə verirdi. 2014-cü ildən - neft qiymətləri kəskin aşağı endikdən sonra Venesuelanın problemləri daha da kəskinləşdi.

İndiki hakimiyyət köhnə üsullarla fəaliyyət göstərdiyindən bu problemlərin həllində acizdir. Digər tərəfdən ABŞ sanksiyaları nəticəsində Venesuela dünya iqtisadiyyatından təcrid olunub.

Bu gün Venesuelada işsiz insanların sayının artması nəticəsində Kolumbiya Venesuela sərhədində yüzminlərlə insan toplaşıb. Bu axın sözügedən ölkələrin sosial problemlərini də gərginləşdirir.

Buna görə də Kolumbiya, Braziliya və digər Cənubi Amerika ölkələri Venesuelada hakimiyyətə yaxın olan dairələrin, xüsusilə də hərbiçilərin Maduro ilə bağlı narazılıqlarını dəstəkləyir.

Bu ölkələr Madurodan islahatları tezləşdirməyi tələb edirlər. Cəmiyyətin etirazı və xarici təzyiqlərlə üzləşən Maduro hökuməti yalnız gücə arxalanır.

Hətta iş o yerə çatıb ki, ölkədə sosializm şüarları belə işləmir. İnsanlar hökumətə inamlarını tamamilə itiriblər. Bu isə ən son nəticədə ölkədə hərbiçilərin fəallaşmasına gətirib çıxarıb.шаблоны для dle 11.2

Oxunub: 412






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23