Bərdəni kimlər və neçəyə “tikib” çevirib?! - IV yazı

Bərdəni kimlər və neçəyə “tikib” çevirib?!
Ötən yazılarımızdan birində bildirdik ki, ölkə mətbuatında bir neçə müddətdir ki, Bərdə rayon icra hakimiyyəti başçısının qanunsuz əməlləri barədə silsilə yazılar dərc olunur. Qarşı tərəfin heç vaxt təkzib etmədiyi, dolayısı ilə demək olar ki, etiraf etdiyi bu yazılardan sonra, cahan.info olaraq, Vidadi İsayevin fəaliyyəti barədə jurnalist araşdırılması aparmağa qərar verdik.

Apardığımız araşdırmalar zamanı onun rəhbərliyi və diqtəsi sayəsində həyata keçirilən tender və kotirovkalarda xeyli sayda şübhəli məqamları aşkar etmişik.
Hara və necə xərcləndiyi hiss olunmayan məbləğlərin təyinatları, elan olunan işlərlə real vəziyyət nəinki bir-birinə uyğun gəlmir, hətta tərs mütənasibdir demək olar. Buna görə də, uzun müddətdir apardığımız araşdırmaların nəticələrini izləyicilərimizin diqqətinə çatdırmaq istədik.

Bu dəfə isə Bərdə rayon icra hakimiyyəti başçısının Vidadi İsayevin diqtəsi və rəhbərliyi ilə Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən həyata keçirilmiş dövlət satınalmaları müsabiqələrini araşdırmağa cəhd göstərmişik. Araşdırmamızın nəticələrini sizin nəzərinizə çatdırmadan öncə onu bildirək ki, müxtəlif abadlıq, tikinti-təmir işlərinin satın alınması ilə bağlı keçirilən müsabiqələrdə eyni insanlar, eyni şirkətlərin qalib gəlməsi, həmçinin görülmüş işlərin “nəticəsinə” diqqət yetirəndə, əslində reallığın başqa cür olduğu hər kəsə gün kimi aydın olur.

Məlumat üçün qeyd edək ki, əlimizdə olan rəsmi məlumatlara görə, Vidadi İsayevin rayona rəhbər təyin olduğu gündən, yəni Azərbaycan Respublikası prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamından sonra 2016-cı ilə qədər olan müddətdə Bərdə rayonun icra hakimiyyəti və Bərdə şəhər icra nümayəndəliyi tərəfindən rayonun və şəhərin abadlaşdırılmasına bu iki idarə tərəfindən 15 853 574, 28 manat (on beş milyon səkkiz yüz əlli üç min beş yüz yetmiş dörd manat, iyirmi səkkiz qəpik) dəyərində dövlət satınalmaları həyata keçirilib.

2012-ci ilin “tikintiləri”...

Bu ildə Bərdə şəhər İcra nümayəndəliyinin cari təmir işlərinin satın alınması üçün 8000 (səkkiz min) manat dəyərində olan müsabiqənin qalibi “Alisa” MMC-dir. Şirkət (VÖEN 4000123311) 2003-cü ilin dekabr ayının 11-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində qurumun ünvanı Bərdə şəhəri, Həzi Aslanov küçəsi ev 7, mənzil 8, şirkətin rəhbəri isə Süleymanov Müşfiq Salman oğlu göstərilib.



Maraqlıdır ki, Müşfiq Süleymanov Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-litseyin direktoru, Vidadi Süleymanovun qardaşıdır. (əlaqə nömrəsi: 5-03-88, 050-510-46-99)



Bu ailənin daha bir oğlu Rəşid Süleymanov isə uzun müddət Bərdə rayon icra hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar olduğu kimi həm də İcra hakimiyyətinin Apellyasiya Şurasının üzvü olub. 2011-ci ildən bu vəzifədə çalışan R.Süleymanov 2017-ci ilin may ayında səhhətində yaranan problemlərə görə vəzifəsindən azad olunub. Həmçinin əldə etdiyimiz məlumatlara görə Süleymanovlardan Vaqif adlı qardaşlarının da millət vəkili Zahid Orucla şərikli biznesləri və isti münasibətləri var.

Həmçinin həmin ildə Bərdə şəhərinin küçələrinin işıqlandırılması işlərinin satın alınması üçün elan olunan 140 744,12 (yüz qırx min yeddi yüz qırx dörd manat, on iki qəpik) dəyərində olan müsabiqəni “RSR-3” MMC udub. Şirkət (VÖEN4000729271) 2012-ci ilin fevral ayının 13-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Bərdə şəhəri Həzi Aslanov küçəsi ev 8, qurumun rəhbəri isə Məmmədov Samir Taleh oğlu göstərilib.

Bərdə şəhərində əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən daha bir 103 247, 52 (yüz üç min iki yüz qırx yeddi manat, əlli iki qəpik) dəyərində olan müsabiqənin qalibi isə “RSR-4” MMC-dir. Bu şirkət də (VÖEN 4000729421) 2012-ci ilin fevral ayının 2-də dövlət qeydiyyatına alınıb.



Rəsmi sənədlərə görə, şirkətin hüquqi ünvanı həmçinin Bərdə şəhəri, Həzi Aslanov küçəsi ev 8, qanuni təmsilçisi isə Məmmədov Samir Taleh oğludur. Maraqlıdır ki, eyni vaxtda dövlət qeydiyyatına alınan, eyni ünvanda yerləşən bu iki şirkətin rəhbəri eyni şəxsdir. Adları müxtəlif olan bu təşkilatların rəhbərinin niyə bu addımı atdığı qaranlıq olsa da, qalib olduğu məbləğ 243 991, 64 (iki yüz qırx üç min doqquz yüz doxsan bir manat, altmış dörd qəpik) kifayət qədər aydın və böyük məbləğdir.

2013-cü il.

Bərdə şəhərində əsaslı təmir işlərinin satın alınmasında qalib elan olunan şirkətlərdən biri də “Eldorado-LM” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Şirkət (VÖEN 7300898911) 2013-cü ilin may ayının 30-da dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Tovuz rayonu, Çeşməli kəndi, rəhbəri isə Həsənov Vasif İsa oğlu göstərilib.



Vidadi İsayevin rəhbərliyi ilə, Bərdə şəhər icra nümayəndəliyinin 2013-2014- cü illər ərzində küçələrin işıqlandırılması, mənzil fondunun əsaslı təmir işləri, şəhərdə adablıq işləri və yolların əsaslı təmiri işlərinin satın alınmasında daha bir böyük işlərin və məbləğin olduğu müsabiqənin qalibi “İnstal-Servis” MMC-dir. Beləki, bu şirkət 2013-2014-cü illər ərzində təkcə şəhərdə abadlıq işlərinin görülməsi üçün 1 201 903, 21 (bir milyon iki yüz bir min doqquz yüz üç manat, iyirmi bir qəpik), yolların əsaslı təmiri üçün isə 1 123 699, 14 (bir milyon yüz iyirmi üç min altı yüz doxsan doqquz manat, on dörd qəpik) dəyərində satın almaların qalibi olub. Şirkət (VÖEN 1801631701) 2012-ci ilin fevral ayının 14-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə şirkətin ünvanı, Bakı şəhəri, Sabunçu rayonu, Məştağa STQ, Bağ evi, ev 546, rəhbəri isə Rüstəmov Anar Səməd oğlu göstərilib.



Ötən yazılarımızda qeyd etmişdik ki, araşdırmalarımız zamanı bu da məlum olub ki, bir neçə müxtəlif şirkət və firmaların təmsilçisi olan Rüstəmov Anar Səməd oğlu həm də “Exiles-STS” (VÖEN 1100473261) şirkətinin də rəhbəridir və 10.08.2016-cı il tarixə qədər adı “Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri” siyahısındadır.
(mənbə: http://fins.az/store/airHuquqi%20(3).pdf)шаблоны для dle 11.2

Oxunub: 2 206






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23