Vidadi İsayevin prezidentə qarşı misilsiz tender cinayətləri - Araşdırma/siyahı

Vidadi İsayevin prezidentə qarşı misilsiz tender cinayətləri
Bərdənin icra başçısı Vidadi İsayevin misilsiz maliyyə cinayətlərinin rəsmi faktlarla üstü açılmaqdadır. Rayonu çapıb-talaması, dəfələrlə sahibkarları necə incitdiyi, yaşıllıqları məhv edib yerini satdığı haqda məlumatlar tirajlansa da, V.İsayev dövlətə qarşı qanunsuz əməllərindən geri qalmır.

Cahan.info-nun apardığı yeni araşdırma bu dəfə icra başçısının tender və kotirovkalarda xeyli sayda şübhəli fəaliyyətini aşkara çıxarıb.


V.İsayevin hara və necə xərcləndiyi hiss olunmayan məbləğlərin təyinatları, elan olunan işlərlə real vəziyyət nəinki bir-birinə uyğun gəlmir, hətta tərs mütənasibdir.

Olmayan şirkət tenderdə "qalib" gəlib

Belə ki, Bərdə RİH başçısının dövlət satınalmalarını elementar üsullarla araşdırarkən, qarşılaşdığımız hallar təəccüb doğurur.


Milyonlarla manat hesabına "təmir" olunmuş yolun çəkilmiş fotosu - 1

Halbuki, əlimizdəki məhdud imkanlardan fərqli olaraq, Hesablama Palatası daha ətraflı araşdırmalar aparıb, ancaq heç bir tədbir görülməyib.

Rəsmi sənədlərə əsasən məlum olur ki, Bərdə RİH-nin sifarişi ilə 2011-ci ildə Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı kənd avtomobil yollarının təmiri üçün 3 996 500 manat ayrılıb.

2012-ci ildə isə Bərdənin küçələrində yolların təmiri üçün 119 944,22 manat ayrılıb. Bu da azmış kimi, 2015-ci ildə Yeni Daşkənd - Umudalılar kəndlərarası avtomobil yolunun tikinti işləri üçün 1 999 999, 76 manat dəyərində olan dövlət satınalmaları həyata keçirilib.

Bu müsabiqələrin qalibləri isə Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı yollarının təmiri üçün 28 saylı Yol İstismar İdarəsi, Bərdə küçələrində yolların təmiri üçün “Elegant-CO” MMC, Yeni Daşkən - Umudalılar, kəndlərarası avtomobil yolunun təmiri üçün “Tac- 2014” MMC elan olunub.


Milyonlarla manat hesabına "təmir" olunmuş yolun çəkilmiş fotosu - 2

Rəsmi sənədlərə istinad edərək, qeyd olunan məbləğlərin müqabilində görülən işlərin nəticəsinə baxanda, böyük ziddiyyətlər aşkarlanır.

Məlum olur ki, Bərdənin küçələrində yolların təmir edilməsi ilə bağlı müsabiqənin qalibi olan “Elegant CO” MMC (VÖEN 3300293521) 2011-ci ilin, yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb.



Qeydiyyat sənədlərinə görə, qurumun hüquqi ünvanı Ağdaşın Pirəzə kəndi göstərilib və şirkətin qanuni nümayəndəsi Rüstəmov Anar Səməd oğludur.

Lakin araşdırmadan çıxan nəticə ondan ibarətdir ki, Ağdaşın Pirəzə kəndində bu adda şirkət fəaliyyət göstərmir. Dəhşətdir.

Bərdənin icra başçısı dövlət satınalmalarında yol verdiyi maxinasiyaların izini azdırmaq üçün bu rayona aidiyyatı olmayan və fəaliyyətsiz bir şirkəti tenderdə "qalib" elan edir və ünvan olaraq Ağdaşda bir kəndi göstərir.


Milyonlarla manat hesabına "təmir" olunmuş yolun çəkilmiş fotosu - 3

Şirkət kənddə niyə olsun ki, bu da ayrı məzhəkədir. Gülməlisi budur ki, qurumun qanuni təmsilçisi, 1980-ci il təvəllüdlü Rüstəmov Anar Səməd oğlu Bakının Qarabağlı küçəsi, bina 39, mənzil 37-də qeydiyyatdadır.

"Tac-2014” MMC deyilən şirkət yoxdur

Cahan.info xəbər verir ki,
Yeni Daşkənd - Umudalılar kəndlərarası avtomobil yolunun tikilməsi ilə bağlı müsabiqənin qalibi olan “Tac-2014” MMC (VÖEN 1402904161) 2014-cü ilin, sentyabr ayının 25-də dövlət qeydiyyatına alınıb.



Qeydiyyat sənədlərində göstərilən hüquqi ünvana görə, şirkət Bakı şəhəri, Nəsimi rayonu, 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 2a, mənzil 95 ünvanında yerləşir və qurumun qanuni təmsilçisi Əsgərov Qamət Sadıq oğludur.

Apardığımız araşdırmalar zamanı bu da məlum olub ki, adıçəkilən ünvanda heç bir şirkət fəaliyyət göstərmir, yaxınlıqda yaşayan sakinlər də belə bir şirkəti xatırlamırlar.


Milyonlarla manat hesabına "təmir" olunmuş yolun çəkilmiş fotosu - 4

Qurumun qanuni təmsilçisi 1976-cı il təvəllüdlü Əsgərov Qamət Sadıq oğlu isə Bakının Nizami rayonu, Kürəçaylı küçəsi, bina 7, 23 saylı mənzildə qeydiyyatdadır.

Ayrı-ayrılıqda külli məbləğdə vəsaitin “xərclənməsi” hesabına görüləcək və ya görülmüş işlərin nəticələrinə nəzər saldıqda, heç bir ünvanı dürüst olmayan şirkətlərin ümumiyyətlə bu müsabiqələrdə necə qalib gəldiyi sual doğurur.

Həmçinin rayon rəhbərliyinin bu kimi hallara niyə və hansı səbəblərdən susaraq şərait yaratması maraqlıdır. Bərdə rayonunda baş vermiş maliyyə oyunları tək bu faktlar deyil və araşdırmalarımızın davamı olacaq.


Milyonlarla manat hesabına "təmir" olunmuş yolun çəkilmiş fotosu - 5

Sadəcə, bu faktlar Hesablama Palatası, Maliyyə Nazirliyi və digər qurumları hərəkətə keçirməyə vadar edir. Prezidentin bu rayonun inkişafına ayırdığı vəsaitləri həzç-rabedən keçirən, maliyyə cinayətinə yol verərək olmayan şirkətlərin əli ilə silən V.İsayev barəsində araşdırmalar aparılmalı, Bərdə RİH-də yoxlamalar həyata keçirilməlidir.

Əgər bir obyekt sahibi yaxud vergi ödəyicisi büdcədən 5 qəpik yayındıranda onun başına olmazın müsibətlər gətirilir. Bərdənin icra başçısı isə dövlət satınalmaları ilə bağlı tenderlərdə min hoqqadan çıxıb, mövcud olmayan MMC-lərin adı ilə külli miqdarda vəsait mənimsəyib və ona "gözün üstə qaşın var" deməyin artıq vaxtıdır.

Çünki Bərdədə həmin pullar hesabına böyük işlər görülə bilərdi, layihələrin icrasında maxinasiyalar olmasaydı daha keyfiyyətli iş ortaya çıxardı.

"RSR-4”, "RSR-5”, "RSR-6”, "RSR-7” və...

Cahan.info xatırladır ki, Hesablama Palatasının hesabatlarında əksini tapan bütün pozuntular Bərdə İH-in tenderlərində müşahidə edilir.

Hesabatlarda bildirilir ki, bir çox hallarda iddiaçı şirkətlərin ixtisas göstəriciləri, peşəkarlığı, təcrübəsi və kadr potensialı barədə məlumatlar təqdim edilmir:

"Audit olunan qurumlar tərəfindən eyni təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə müqavilələrin bağlandığı, yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə məxsus olan iddiaçılara dəvət göndərildiyi aşkar edilib”.

2015-ci ildə Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi "RSR-4” MMC-yə Avadanlıqların satın alınması üçün 5938, Digər maşın və avadanlıqların satın alınması üçün 36704, Yumşaq inventarların satın alınması üçün 9176, İnventarların satın alınması üçün 15540 manat(cəmi 67 358 manat) həvalə edib.

"Alisa" MMC-yə 7 kənddə Cari təmir işləri üçün üst-üstə 43 400 manat, Bərdə rayon Lənbəran, Güloğlular, Mirzəxan, Xəsili, Soğanverdilər, Şirvanlı kəndləri üzrə ərzaq alınması üçün 71520 min manat "RSR-5” MMC-yə, Mirzəcəfərli, Nazırlı, Mollalı, Yeni Daşkənd, Mehdixanlı, Hüseynalılar, Kolayır, Şatırlı, Böyük Göyüşlü, Kətəlparaq, Samux, Yeni Əyricə, Qaradəmirçi kəndləri üzrə ərzaq alınmasına112 min manat "RSR-6” MMC-yə, Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün Dəftərxana xərclərinə Maddi Təchizat Bazası MMC-yə 20 min manat, Doğranmış odun xərcləri üçün "RSR-7” MMC-yə üst-üstə 16770 manat, Mədəniyyət və Turizm Nazirliyi Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi "RSR-7” MMC-yə Yumşaq inventarların, İdarənin digər xərclərinin, Doğranmış odunun satın alınması üçün 86 100 manat pul verilib.

Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi Yolların əsaslı təmiri üçün "Tac-2014” MMC-yə 439559,55 manat, Abadlıq işləri üçün 458785,89 manat, Mənzil fondunun əsaslı təmiri üçün 119879,86 manat, Küçə işıq dirəklərinin satın alınması üçün 109508,72 manat, Səhiyyə Nazirliyi Bərdə Rayon Mərkəzi Xəstəxanası isə bu MMC-yə Əsaslı təmir işləri üçün 81 562,9 manatlıq iş verib.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında yaradılan bu MMC 2015-ci ildən başlayaraq sirli şəkildə yüzlərlə irihəcmli dövlət sifarişlərini əldə etməyilə məşhurlaşıb.

Bərdə rayon İcra Hakimiyyətinin keçirdiyi çoxsaylı tenderlərin qalibi olan "RSR-4”, "RSR-5”, "RSR-6”, "RSR-7” və "Alisa” MMC-lərin hamısının hüquqi ünvanı eynidir – Bərdə şəhəri, Həzi Aslanov küçəsi, ev 7, mənzil 8.

Həmin şirkətlərin səhmdarlarının kimliyini öyrənə bilməsək də, hüquqi ünvanın eyniliyi faktı adları çəkilən MMC-lərin hamısının eyni şəxs(lər)ə məxsusluğundan, eyni zamanda həmin şəxs(lər)in də Vidadi İsayevlə çox yaxşı münasibətdə olmasından xəbər verir.

İcra başçısının eyni hüquqi ünvanda yerləşən 5 şirkətə qarşı bu qədər "səxavətli” davranmasını başqa cür izah etmək mümkün deyil.

Bərdədə keçirilən tenderləri araşdırarkən diqqətimizi çəkən digər məqam 2016-cı il martın 4-də yaradılmış "Star Construktion-12” MMC-yə Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 369 374, 98 manatlıq digər və sair xərclər, avadanlıqların alınmasını, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindənsə 514974,95 min manatlıq avadanlıq, bərk inventar, digər maşın və avadanlıq, yumşaq inventar, dəftərxana ləvazimatları almağı həvalə etməsi oldu.

Beləliklə, bu MMC təkcə Bərdə rayonunda 884 min manatdan yuxarı sifarişi hansısa sehrli əlin köməyi ilə ala bilib.

Ardı var...
шаблоны для dle 11.2

Oxunub: 7 151






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23