Leyla Əliyeva Fəxrəddin Manafovdan müsahibə alır, nazir teatrdan uzaqlaşdırır? - Reaksiyalar

Leyla Əliyeva Fəxrəddin Manafovdan müsahibə alır, nazir teatrdan uzaqlaşdırır?
Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi müzakirələrə səbəb olub. Aktyor bunun səbəblərini teatr daxilindəki mühitlə əlaqələndirsə də, nazir Əbülfəs Qarayevin rolu olduğunu iddia edənlər az deyil.

Cahan.info xəbər verir ki,
görkəmli aktyorun teatrdan gedişinə ilk sərt reaksiya “Xəzər” TV-də yayımlanan “İmtahan” serialında rol alan aktyor Hikmət Rəhimovdan gəlib.

O, feysbukda Manafovun teatrdan uzaqlaşmasına belə şərh verib: “Azərbaycan mədəniyyətini qara günə qoyan Əbülfəs Qarayev, pul yeməkdə olan teatr rəhbərləri, tükənmiş baş rejissorlar, bir sözlə, çürük teatr sistemi, satılan, kirayədə olan binalar... Başın sağ olsun Fəxrəddin müəllim, itirən siz yox, teatr oldu”.

Bu sərt təpkidən anlaşılır ki, Manafovu bezdiriblər, müstəqil fəaliyyətini buxovlamağa imkan verməyiblər və nazir Ə.Qarayev korifey sənətkarı səhnədən uzaqlaşdırmağı üstün tutub, nəinki onun azadlığını...

İkincisi, bu yaxınlarda prezidentin qızı Leyla Əliyeva “Baku” jurnalı üçün Fəxrəddin Manafovdan müsahibə götürmüşdü. Bu fakt azdırmı?

Əvvəllər, yüksək vəzifəli şəxslə görüşən, fotosu olan tanınmışlardan çəkinirdilər. Onlara toxunmaq olmazdı. Deyəsən, Ə.Qarayev üçün bu meyarlar da qalmayıb.

Manafov 1news.az-a məktubunda teatrdan getdiyini təsdiqləyib: “Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub.

Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur”.

F.Manafovun bu tikanlı sözlərindən aydın olur ki, onun təşəbbüsləri kimlərinsə qısqanclığı ilə qarşılanıb.

Onsuz da Ə.Qarayevin mədəniyyətə qarşı olduğu hər zaman görünüb. Fuad Poladovun dəfninə getməməsi, anım mərasimi təşkil etməməmsi unudulmayıb.

Manafov yazır: “Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: “Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır”. Bu tamamilə düz idi”.

Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal peşəkar iş üçün lazım olan sadə, elementar şeyləri tələb etməli olduğundan şikayətlənib:

“Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.

Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi.

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin.

Bunun üzərində bir nəticəyə nail oldum. İşçilər arasında bu ifadə gəzməyə başladı: “Manafov oynayanda kulislərdə sükutdur”.

Manafov teatrın gənc əməkdaşlarının yeni tamaşaların məşqi zamanı mobil telefondan çox istifadə etmələrindən də narazılığını bildirib:

“Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa, səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum.

Yalnız bir gözəl dövr olmuşdu: o da İrina Mixaylovnanın rejissor köməkçisi işlədiyi dövr idi. Peşəkarlığın nə demək olduğunu bilən insan...

O, mənə “Fəxrəddin müəllim, sizinlə bir məşq bir universitetə bərabərdir” deyərdi. Ancaq təəssüf ki, İrina Mixaylovna tezliklə teatrın kitabxanasına transfer oldu.

Mənim yanımda tezliklə administrasiyadan truppada bərabərliyə cavabdeh olan xanım peyda oldu. “Hər şey dəyişən və dəyişiləndir”.

O, mənə sovet dövrünün pioner qızını xatırladırdı. O əlbəttə orta məktəb üçün pis deyildi, ancaq teatrda pioner-məktəblilər işləmir.

Pioner-qız mənə öz məsləhətləri ilə yaxınlaşmağa başladı: hamı kimi olmalı, hamının etdiklərini etməli idim. Sonda isə “Dünya sənin ətrafında dönmür" dedi və nə olduğumu da bildirmədi.

Praqaya gedib Vaslavski meydanında Avropanın göbəyini qucaqlamaq və ona gileylənmək üçün ürəyimdə güclü istək yarandı. “Mən heç vaxt hamı kimi ola bilmərəm, olmadım və olmayacam. Mənim müəllimlərim də belə olmayıb”.

Fuad Poladovla Fəxrəddin Manafovun teatrdan getməsini müqayisə etmək ən azından sadəlövhlük olar.

Əqidə baxımdan Fuad müəllimə çatmaq mümkünsüzdür. Fəxrəddin bəy indiyə qədər teatr və kino sahəsində baş verənlərə bir ziyalı olaraq heç vaxt münasibət bildirməyib.

Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.

Unikal.org report-a istinadən xəbər verir ki, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib ki, Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olub.

Nazirlik rəsmisi qeyd edib ki, xalq artisti F.Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir: ”O, 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə, bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir”.

Şöbə müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib: ”Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onun narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir”.

İ.Hümbətov əlavə edib ki, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq:
”Azərbaycan sənətsevərləri xalq artisti Fəxrəddin Manafovu teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq”.шаблоны для dle 11.2

Oxunub: 2 097






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23