Oliqarxa çevrilmiş rektor

Oliqarxa çevrilmiş rektor
Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında “Rektor cinayətkar şəbəkəni gizlədir” və “Rektor naziri aldadır” başlıqlı məqalələr dərc olunmuşdu. Məqalələrdən sonra redaksiyamıza Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti tərəfindən növbəti şok bilgilər gəlib. Aktualxeber.az-a ötürülən məlumatlarda bildirilir ki, təyinatından bəri demək olar ki, hər gün şəffaflıqdan, özünün rüşvətsiz və korrupsiyasız idarəçiliyindən dəm vuran ADAU rektoru elə də kasıb deyilmiş. Əksinə, ölkəmizin yeganə təhsil ocağının rəhbəri lüks və eyş-işrətli həyat tərzi sürürmüş.

Rektorun villaları, bahalı son model maşınları, rektorluğu dönəmində Bakıda və Gəncədəki göydələnlərdə almağa macal tapdığı bir neçə bahalı mənzilləri varmış. Hətta, iddialara görə, universitet rəhbəri bu ilin əvvəlində (27-29 yanvar 2019) Türkiyənin İzmir şəhərində EGE universitetində işgüzar səfərdə olarkən həmin turizm bölgəsindən xoşu gəlib və İzmirdə dənizkənarı ərazidə bahalı villa da alıb. Həmin səfər zamanı rektorun rəhbərliyi altında ADAU-dan İzmirə gedən digər şəxslərin də məhz rektorun yeni evində qonaq olduqları , xeyir-dua verdikləri bildirilir. Rektorun var-dövləti barədə bilgilərin sübutu kimi redaksiyamıza fotoşəkillər təqdim edən, adlarının açıqlanmasını istəməyən professor-müəllim heyəti bildirir ki, İbrahim Cəfərov övladlarına aldığı xarici maşınların özü qədər bahalı dövlət nömrə nişanları da uzun illərdir hamıda maraq doğurur. Belə ki, ADAU rektoru üçün universitetdən ayrılan “BMV” markalı xidməti avtomaşının da, özünün və ailə üzvlərinin mülkiyyətində olan maşınların da nömrələrinin sonu “333”-dür və bu təsadüfi hal deyil. Deyilənlərə inansaq, rektor məhz “333” rəqəmini öz uğuru hesab edir və bu səbəbdən xidməti maşınından başqa, hər birinin dəyəri min manatlarla ölçülən eyni sonluqlu nömrələri ailə maşınlarına da almağı vacib hesab edib. Həqiqətən maraqlıdır, hazırda rektorun öz xidməti maşını (10 AA 333) da, digər Cəfərovların idarə etdikləri son model – “BMW” və “Hyunday Elantra” markalı avtomaşınlar da nömrə sonluğunda “333” rəqəmini gəzdirir. Rektoru ara-sıra universitetə gətirən (GL/MERSDERES ) 10xx374 dövlət nömrə nişanının sonluğunun da yaxın vaxtlarda “333” olacağı aldığımız xəbərlər sırasındadır. Aktualxeber.az-a verilən məlumata görə, rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində “Noxudluq” deyilən ərazidə özünə mini villa da tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villanın tikintisinə isə azı 200 min manat vəsait xərcləndiyi deyilir. Bundan əlavə, Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri milyonlarla ölçülür. Hazırda həmin villanın üzündə aqlaylanma və digər bəzəmə-tamamlama işləri aparılır. Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü “kasıb və sadə” göstərsin deyə oradakı mənzillərində qalır. Göründüyü kimi, ADAU rektoru heç də kasıb biri deyil və əsil oliqarxlara layiq lüks həyat tərzi sürməkdədir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə: Aktualxeber.az
шаблоны для dle 11.2

Oxunub: 876






E-mail: cahan.info@mail.ru