“Polkovnik – leytenant torpaqları əlimizdən alır” – İmişlidən şikayət

“Polkovnik – leytenant torpaqları əlimizdən alır”
İmişlinin Bəcirəvan kənd sakinlələrinin qanuni istifadəsində olan otlaq yerlərinin bir hissəsi pambıq əkini adıyla əllərindən alınıb

Bu barədə Bəcirəvan kənd sakini Elxan Tanrıverdiyevin prezident İlham Əliyevə müraciətində deyilir. Müracətin bir surətini də redaksiyamıza ünvanlayan Elxan Tanrıverdiyev yazır ki, İmişli Rayon Polis Şöbəsinin rəis müavini olmuş, polis polkovnik – leytenantı Habil Ağayev və ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov otlaq sahələrinin qalan hissəsini də tələb edirlər:

“Onlar şəxsi bizneslərinin bir qolu olaraq iri əkinçilik və heyvandarlıq təsərrüfatlarının yaradılmasını əsas gətirirlər. Kəndin ümumi otlaq sahəsində 70 hektar yerim vardı, iki il əvvəl traktorları saldılar sahəyə, 40 hektarını şumladılar. Dedilər, prezidentin göstərişi var, pambıq əkilməlidir. Qaldı 30 hektar...

Ötən yaz gəlib əlavə 10 hektar da götürdülər, qaldı 20 hektar... İndi də deyirlər, yazadək yığışdır fermanı burdan, torpaqların qalanını da ver deyirlər. Polis polkovnik – leytenantı Habil Ağayev və ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov buralarda əkin sahələri yaradır, heyvandarlıq kompleksi yaradır. 40 hektar məndən, 30 birindən, 20 birindən... Beləcə, kənddə azı 30-40 adamın otlaq yerindən çox hissəsini şumlayıb götürdülər, az hissəsini adamlarda saxladılar. İndi o az hissələrə də göz dikiblər.

Mənim kimi bir çox kəndli bu torpaqları heyvandarlıq məqsədilə qış otlaq sahəsi kimi qanuni yolla istifadəyə götürüblər”.

Şikayətçinin sözlərinə görə, onlara deyirlər ki, gedin özünüzə başqa iş tapın: “Deyirlər ki, heyvandarlıq da, əkinçilik də, ümumiyyətlə, kənddə nə iş varsa, hamısı bizlikdir. Mənə maraqlı odur ki, əgər iki il əvvəl torpaqların bir qismini əlimizdən dövlət proqramı adıyla - pambıq əkmək üçün almışdılarsa, niyə pambığı ləğv eləyib sahələri taxıl, arpa əkininə çevirdilər? Torpağı pambıq əkmək adıyla şumlayıb sonradan taxıl əkdilər. İndi də göl qazırlar ki, ərazidə suvarma sistemi qursunlar, özləri əkin işlərini genişləndirsinlər, heyvandarlıq kompleksi tiksinlər. Arpa, soya, qarğıdalı əkmək fikrindədilər. Yəni, bunlar demək istəyir ki, ay kəndlilər, siz malı, qoyunu yaxşı saxlaya bilmirsiz, gedin oturun evdə, bu işlə özümüz məşğul olacağıq.

Və açıq-aşkar da deyirlər ki, bu işin başında ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov dayanıb. Guya ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov göstəriş verib ki, fermalar qışadək torpaqlardan çıxarılmalıdır. Bunlar adamların son çörək yerlərini də gəlib əlindən alıb özlərinin milyonlarını artıracaqlar, adamlar da ac qalacaq.

Bir neçə il öncə eşitdiyimizə görə, Habil Ağayev, ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanov, tikinti kralı kimi tanınan Əvəz Şükürovdan ibarət qruplaşma İmişli şəhər inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Məmi Atakişiyevin rəhbərlik etdiyi qrupla sözün əsl mənasında ciddi qarşıdurma yaşamışdılar.

Şükür Aslanov və Əvəz Şükürovun maliyyə dəstəyi ilə Habil Ağayev, icra başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevə məxsus, Bəcirəvan kəndi ərazisində yerləşən 100 ha əkinə yararlı torpaq sahəsini mənimsəyib.

Şükür Aslanov artıq bir neçə gündür ki, İmişli rayonunda yaşayan, sözü keçən hacıları, seyidləri qudası Habil Ağayevdən narazı olan şəxslərin qapısına minnətçi olaraq aparır.

O da qeyd edilir ki, kimləri pulla, kimləri isə xahişlə öz mövqeyindən daşındırmağa çalışan Şükür Aslanov yaxınlarına “bu təhlükəni də sovuşdurmaq üçün bizə cəmi 20 gün vaxt lazımdır. Sonra hər şey köhnə qaydasına qayıdacaq” deyir.

Habil Ağayev rayonda xoşu gəlməyən istənilən şəxsi məhkəməsiz həbs etmək səlahiyyətini özü – özünə verib. O istədiyi vaxt DYP əməkdaşı, istədiyi vaxt müstəntiq, istədiyi vaxt hakim ola bilir. Əlavə olaraq onu da qeyd edim ki, Habil Ağayev Şükür Aslanovla qohum olduqdan sonra bu özbaşınalığın miqyası daha da genişlənib.

Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Habil Ağayev və ”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi Şükür Aslanovun İmişli rayonundakı özbaşınalıqlarına son qoyulması üçün aidiyyatı dövlət orqanlarını göstəriş və tapşırıqlarınızı verəsiniz”. İstinad yenisabah.azшаблоны для dle 11.2

Oxunub: 62






E-mail: cahan.info@mail.ru