Çap mediası tabutda: KİVDF pulu saytlara yönəldir yoxsa ləğv edilir? - Eksklüziv...

KİVDF pulu saytlara yönəldir yoxsa ləğv edilir?
KİVDF tərəfindən maliyyəsi dayandırılan qəzetlər bir-bir bağlanmaq qərarı verirlər. Buna səbəb onların özlərinin ayrı maliyyə mənbəsi olmamalarıdır.

Cahan.info xəbər verir ki,
2020-ci ildə jurnalistlərə veriləcək yeni mənzillərdən sonra bu proses də dayandırıla bilər. Belə məlumatlar gəzir ki, artıq media nümayəndələrinə yeni binanın təməli 2020-də atılmayacaq.

Hazırda isə qəzetlərin, kağız mediasının qara günləridir. Artıq klassik mətbuat sıradan çıxmaqdadır. “Bizim Yol”, “Unikal”, “Reytinq” və s. qəzetlər çap olunmayacağını elan ediblər.

Əldə etdiyimiz bilgilərə görə, əvvəlcə KİVDF-nin ləğvi məsələsi gündəmə gəlib. Lakin ən yüksək səviyyədə müzakirələrdən sonra saxlanması qərara alınıb.

Bir müddət bu fond fəaliyyətini davam etdirəcək. Qarşıdakı etapda isə bəzi saytlara maliyyə yönəldiləcək. Amma bu dəstək bütün medianı əhatə etməyəcək.

Hazırda bir çox mətbuat orqanı bu tələblərə cavab vermədiyindən onların maliyyəsinin dayandırılacağı və dolayısı ilə fəaliyyətinin də dayanması mətbuatda müzakirə edilir.

Onların sırasında “Şərq”, “Ədalət”, “Unikal”, "Palitra", “Paralel”, “Azad Azərbaycan”, “Həftə içi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetlərinin adı çəkilir.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.

“Ekpress”, “Bizim yol” , “Reytinq”, “Unikal” qəzetlərinin fəaliyyətini dayandırması, çap mediasının sıradan çıxması və ölkənin qəzetsiz qalacağı ilə bağlı iddiaları daha da gücləndirdi.

Çap mediası hər zaman olub, bu gün də var və gələcəkdə də olacaq. Bu tarix üçün, dövlət və cəmiyyət üçün çox gərəklidir.

Fond tərəfindən qoyulan şərtlər qəzetlərin keyfiyyətini daha da artıracaq. KİVDF-nin açıqladığı yeni müsabiqə şərtləri ilə bağlı qərar çox müsbət bir qərardır və qəzetlərin fəaliyyətində dönüş yarada bilər.

“İctimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşdırılır.

Amerikada da, Avropada da, Asiyada da, o cümlədən Azərbaycanda da belədir. Düzdür, qəzetin özünəməxsus xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür.

Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də, 200 il də qalır. Amma ictimai fikir indi qəzetlər, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn jurnalistika üzərindən formalaşır”.

Bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, hazırda insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefonla bir an içərisində dünyada nə baş verdiyini görürlər: “Köşkə gedib qəzet almaq, qəzet tapıb oxumaq problem yaradır.

Belə olan halda artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar, qəzetlər müəyyən problemlərlə qarşılaşırlar, tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Belə olan halda əsas mövqedə onlayn media dayanır.

Bütün dünyada olduğu kimi Azərbaycanda da belədir. Artıq insanlar da onlayn mediaya üstünlük verirlər, Azərbaycan əhalinin təqribən 80 faizi internetdən istifadə edir, təxminən 3 milyon insan sosial şəbəkələrdən istifadə edir”.

"Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas da vurğulayıb ki, bu proses qəzetlərin bağlanması demək deyil:

“Fond tərəfindən yeni şərtlər qoyulub, mən o şərtləri yerinə yetirə biləcək bir adamam. 29 ildir ki, ”Şərq" qəzeti fasiləsiz çıxır. Yəqin ki, hələ 1 il də çıxacaq. "Ədalət" qəzetinin hazırda 1700 abunəçisi var.

Bəzi qəzetlərin tirajı aşağıdır və oxucusu yoxdur və ya çox azdır. Bu qəzet niyə çap olunmalıdır ki? Həmin qəzetlər maliyyə yardımı almaq istəyirlərsə, qəzetin fəaliyyətini gücləndirsinlər, oxucusunu artırsınlar və maliyyə alsınlar.

Qəzetlərin çap versiyanı dayandırıb onlayn varianta keçməsi isə onun fəaliyyətinin dayanması demək deyil”.шаблоны для dle 11.2

Oxunub: 1 821






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23